OPEC+ çərçivəsində hasilata dair əlavə könüllü məhdudiyyətlər tətbiq edən yeddi ölkə bundan sonra neft hasilatının həcmini müzakirə etmək üçün əvvəlki formatda müntəzəm görüşlər keçirməyəcək. Bu barədə keçirilən onlayn iclasın nəticələri ilə tanış olan mənbə “İnterfaks”a məlumat verib.
Söhbət Səudiyyə Ərəbistanı, Rusiya, Əlcəzair, Küveyt, İraq, Qazaxıstan və Omandan gedir. Bu ölkələr OPEC+ iştirakçıları üçün müəyyən edilmiş ümumi kvotalardan əlavə, könüllü hasilat məhdudiyyətləri götürmüşdülər. Lakin cari ilin sentyabrında həmin məhdudiyyətlərin hamısı mərhələli şəkildə ləğv edilib və əvvəllər azaldılmış neft həcmləri yenidən bazara qaytarılıb.
Bununla belə, yeddi ölkə sentyabrdan sonra da hər ay bir araya gələrək bazardakı vəziyyəti və hasilat siyasətini müzakirə edirdi. İclasların yekunlarına dair ilk açıqlamalarda məhdudiyyətlərin yenidən tətbiq oluna biləcəyi ehtimalı qeyd edilsə də, sonrakı bəyanatlarda bu məqam yer almayıb.
OPEC-in son açıqlamasına əsasən, həmin ölkələr bundan sonra bazardakı vəziyyətin təhlilini və məsləhətləşmələri OPEC+ Birgə Monitorinq Komitəsi (JMMC) çərçivəsində davam etdirəcəklər. Bu qurum bazarın vəziyyətini və saziş iştirakçılarının öhdəliklərə əməl etməsini qiymətləndirir, zəruri hallarda isə bütün üzv ölkələr üçün müvafiq tədbirlər görülməsini tövsiyə edə bilər.
Görüşdə enerji təchizatının fasiləsizliyinin təmin olunması üçün beynəlxalq dəniz marşrutlarının təhlükəsizliyinin xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Ölkələr enerji infrastrukturuna hücumlardan da narahatlıqlarını ifadə ediblər. Bildirilib ki, zədələnmiş enerji obyektlərinin əvvəlki istehsal gücünə qaytarılması həm uzun vaxt, həm də böyük maliyyə vəsaiti tələb edir.
Bəyanatda qeyd olunub ki, enerji obyektlərinə hücumlar və beynəlxalq dəniz yollarında hərəkətin pozulması bazarda qeyri-sabitliyi artırır, OPEC+ ölkələrinin qiymət və təchizat sabitliyini qorumaq səylərinə mənfi təsir göstərir.
Həmçinin enerji daşımalarında davam edən fasilələrin, eləcə də yüksək nəqliyyat və sığorta xərclərinin qlobal iqtisadiyyata əlavə inflyasiya təzyiqi yaratdığı bildirilib. Yeddi ölkənin məlumatına görə, daşınma və sığorta xərcləri əvvəlki dövrlərlə müqayisədə misli görünməmiş səviyyədə qalır və bəzi hallarda məhsulun dəyərinin üçdə birini ötür.
Ölkələr vəziyyəti izləmək, enerji təchizatında yaranan problemlərin aradan qaldırılması üçün istehsalçı və istehlakçı dövlətlərlə, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmək niyyətindədirlər. Bu istiqamətdə Beynəlxalq Enerji Forumu və Beynəlxalq Enerji Agentliyi ilə də məsləhətləşmələrin aparılması nəzərdə tutulur.
Qeyd edək ki, OPEC+ Birgə Monitorinq Komitəsinin tərkibinə Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Küveyt, Qazaxıstan, Nigeriya, Əlcəzair və Venesuela daxildir.
Tahir TAĞIYEV