İran ABŞ qüvvələrinə qarşı hərbi əməliyyatlar zamanı İlon Maskın "Starlink" peyk internet sistemindən istifadə edib. İran ABŞ və İsrailin hücumlarından sonra Yaxın Şərqdəki Amerika hərbi obyektlərinə qarşı əməliyyatlarda ABŞ-ın Starlink peyk rabitə sistemindən icazəsiz yararlanıb. Bu barədə noyabrın 28-də "The Washington Post" qəzeti anonim mənbələrə istinadən məlumat yayıb. Qəzetin mənbələrinin bildirdiyinə görə, ABŞ və İsrailin İrana qarşı müharibəsinin ilk həftəsində ən azı iki belə hadisə baş verib. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Starlink sisteminə icazəsiz qoşularaq hərbi bölmələri arasında əlaqəni təmin edib və zərbə dronlarını idarə etmək üçün bu rabitə imkanlarından istifadə edib. Məlumata əsasən, İranın pilotsuz uçuş aparatları Yaxın Şərq ölkələrində yerləşən ABŞ hərbi obyektlərinə hücumlarda fəal iştirak edib. "The Washington Post" yazır ki, İran hərbçilərinin Starlink sistemindən hansı üsullarla istifadə etdiyini əks etdirən məruzə ABŞ müdafiə naziri Pit Heqsetə təqdim olunub.
Reuters agentliyi məsələ ilə bağlı Pentaqona müraciət etsə də, ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi belə bir sənədin mövcudluğundan xəbərdar olmadığını bildirib. Qeyd edək ki, Starlink "SpaceX" şirkətinə məxsus peyk internet rabitəsi sistemidir. İranın bu sistemdən hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı iddialar hələlik müstəqil şəkildə təsdiqlənməyib.
"The Washington Post" qəzetinin məlumatına görə, SpaceX şirkətinin daxilindəki müzakirələrlə tanış olan mənbələr İlon Maskın bu xəbərdən qəzəbləndiyini bildiriblər. O, ABŞ-ın rəqibinin öz şirkətinə məxsus texnologiyadan istifadə etməsindən narazı qalıb. SEPAH-ın Starlink terminallarına hansı yollarla çıxış əldə etdiyi açıqlanmır. Bununla belə, peyk interneti terminallarının İrana qanunsuz yollarla gətirildiyi, o cümlədən etirazçıların internetlə əlaqəsini təmin etmək üçün istifadə olunduğu qeyd edilir.
Yanvar ayında İranda hökumətin internetə çıxışı məhdudlaşdırdığı və etirazların genişləndiyi dövrdə ABŞ prezidenti Donald Tramp Starlink-in etirazçılara rabitə dəstəyi göstərməsinə açıq çağırış etmişdi. Həmin vaxt İlon Mask İranda Starlink xidmətindən ödənişsiz istifadəyə icazə vermişdi. ABŞ hökumətinin ölkəyə minlərlə Starlink terminalının gizli şəkildə çatdırılmasına da yardım etdiyi bildirilir.
İradə SARIYEVA