ABŞ-da 2028-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı Respublikaçılar Partiyasının mümkün namizədləri ətrafında müzakirələr davam edir.
Barstool Sports portalının təsisçisi Deyv Portnoy vitse-prezident Cey Di Vensin növbəti prezident seçkilərində namizədliyinin uğur qazanacağına şübhə ilə yanaşaraq, partiyanın Florida qubernatoru Ron DeSantisi önə çəkməsinin tərəfdarı olduğunu bildirib. Portnoyun sözlərinə görə, Vensin hazırkı prezident Donald Trampla sıx siyasi əlaqələri onun gələcək siyasi karyerasına mənfi təsir göstərə bilər.
O hesab edir ki, bu amil Vensin 2028-ci il prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olmaq imkanlarını məhdudlaşdıra bilər. Donald Trampı əvvəlki prezident seçkilərində dəstəkləmiş Portnoy bu fikirlərini podkast aparıcısı Skott Cenninqsə müsahibəsində səsləndirib. O, ABŞ dövlət katibi Marko Rubionun da prezidentliyə uyğun namizəd olduğunu qeyd etsə də, DeSantisin namizədliyinə üstünlük verdiyini vurğulayıb.
Portnoy Florida qubernatorunun ştatı idarəetmə tərzini bəyəndiyini bildirib: "Məncə, Vensin şansı yoxdur. O, Trampla həddindən artıq sıx bağlıdır. Rubio da yaxşı namizəddir, amma mən öz ştatımdan olan namizədə – Ron DeSantisa üstünlük verərdim. Onun Floridanı necə idarə etməsi xoşuma gəlir".
Qeyd edək ki, Ron DeSantis 2024-cü il prezident seçkiləri öncəsi Respublikaçılar Partiyasının praymerizlərində iştirak edib, lakin Donald Trampa məğlub olaraq mübarizəni dayandırıb. Hazırda Vens, Rubio və DeSantisin adlarının mümkün namizədlər sırasında hallanması 2028-ci il prezident seçkiləri ərəfəsində Respublikaçılar Partiyasında siyasi varislik məsələsinin müzakirə olunduğunu göstərir.
İradə SARIYEVA