Rusiya İranda inşası planlaşdırılan 162 kilometrlik Rəşt–Astara dəmir yolu xəttinin bütün marşrutu boyunca mühəndis-axtarış işlərinin aparılması üçün tələb olunan torpaq sahələrinə çıxış əldə edib.
Bu barədə Rusiyanın İrandakı səfiri Aleksey Dedov "Farhikhtegan" qəzetinə müsahibəsində bildirib. Səfirin sözlərinə görə, Beynəlxalq Şimal–Cənub Nəqliyyat Dəhlizinin qərb istiqamətində dəmir yolunun tikintisinə hazırlıq işləri aparılır. Məlumata əsasən, noyabrın 4-də Tehranda Rusiya şirkəti "Caspian Services" ilə İranın CDTIC şirkəti arasında dəmir yolu marşrutu boyunca torpaq sahələrinə çıxışın təmin edilməsi barədə protokol imzalanıb.
Bundan əvvəl Rusiya tərəfinə ümumi uzunluğu 125 kilometr olan ərazilərə çıxış verilmişdi. Noyabrın əvvəlində isə qalan 37 kilometrlik hissə üzrə də müvafiq razılaşma əldə olunub. Beləliklə, Rusiya tərəfi 162 kilometrlik dəmir yolu xəttinin bütün marşrutu üzrə mühəndis-axtarış işlərinə başlamaq üçün zəruri ərazilərə çıxış əldə edib.
Rəşt–Astara dəmir yolu layihəsi Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin mühüm tərkib hissəsidir. Layihənin reallaşması Rusiya ilə İran arasında dəmir yolu əlaqəsini gücləndirməklə yanaşı, regionda yükdaşımaların və tranzit imkanlarının genişləndirilməsinə xidmət edəcək. Rusiya mütəxəssisləri İran ərazisində Rəşt–Astara dəmir yolu xəttinin tikintisi üçün geodeziya istinad şəbəkəsini artıq qurub və aerofotoçəkiliş işlərini həyata keçiriblər. Hazırda hidrometeoroloji tədqiqatlar və topoqrafik çəkilişlər aparılır.
Rəşt–Astara dəmir yolu xəttinin inşası Rusiya və İranın dəmir yolu şəbəkələrini birləşdirməli, Azərbaycan ərazisindən keçən beynəlxalq "Şimal–Cənub" nəqliyyat dəhlizinin qərb marşrutunun mühüm həlqəsinə çevrilməlidir. Bu layihə regionun nəqliyyat-logistika xəritəsində mühüm dəyişikliklərə səbəb ola bilər. Dəmir yolu xəttinin istifadəyə verilməsi Rusiya ilə İran arasında birbaşa dəmir yolu əlaqəsini təmin etməklə yanaşı, Azərbaycan üzərindən keçən tranzit marşrutunun əhəmiyyətini də artırmaq potensialına malikdir.
İradə SARIYEVA