Amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks Vaşinqtonun artıq dünyada yeganə supergüc olmadığını və ABŞ-ın müttəfiqlərini hərbi qarşıdurma zamanı müdafiə etmək imkanlarının məhdud olduğunu bildirib. O, ölkələri ABŞ-a güvənmək əvəzinə qonşuları ilə münasibətləri normallaşdırmağa çağırıb.
Saks bu fikirləri Hindistanın "Times of India" qəzetinin "YouTube" kanalına müsahibəsində səsləndirib. Onun sözlərinə görə, ABŞ son 30 il ərzində özünü dünyanın yeganə supergücü kimi təqdim edib və bir çox ölkə bu iddiaya inanıb. Lakin mövcud geosiyasi reallıqlar Vaşinqtonun bütün dünyaya nəzarət etmək gücündə olmadığını göstərir.
İqtisadçı mümkün hərbi qarşıdurma ssenarisində Səudiyyə Ərəbistanının da ciddi çətinliklərlə üzləşəcəyini iddia edib. O, Yəməndəki müttəfiqləri ilə birlikdə Səudiyyə Ərəbistanının Qırmızı dənizdə geri çəkildiyini və bölgədə nəzarəti terrorçu kimi tanınan husilərə buraxdığını bildirib. Saksın fikrincə, bu vəziyyət ABŞ-ın rəhbərlik etdiyi koalisiya üçün hərbi baxımdan əlverişli nəticənin əldə edilməsini çətinləşdirir.
Professor hesab edir ki, dünya ölkələri artıq dəyişən güc balansına uyğun siyasətlərini yenidən nəzərdən keçirirlər. O vurğulayıb ki, nə ABŞ cəmiyyəti, nə də dünyanın digər hissəsi Vaşinqtonun qlobal idarəçilik iddiasını dəstəkləyir.
Saks xüsusilə Rusiyaya qarşı sərt mövqe tutan Baltikyanı ölkələri və Polşanı tənqid edib. O, Estoniyanın nümunəsində kiçik dövlətlərin böyük nüvə gücü ilə qarşıdurmaya getməsinin təhlükəli olduğunu bildirib. Professorun fikrincə, Tallin ABŞ-ın mümkün münaqişə zamanı mütləq köməyə gələcəyinə ümid etməməlidir.
"ABŞ köməyə gəlməyəcək. Estoniya bunu anlamalıdır. Hər 100 amerikalıdan biri belə Estoniyanın harada yerləşdiyini belə bilmir. ABŞ-ın bu ölkə uğrunda nüvə müharibəsi riskinə gedəcəyini düşünmək isə real deyil", – deyə Saks vurğulayıb.
O, ölkələrə əsas mesajının dəyişmədiyini qeyd edib: dünyanın digər ucundakı ABŞ-ın problemləri həll edəcəyinə güvənməkdənsə, qonşularla sülh şəraitində yaşamağın yollarını axtarmaq lazımdır.
Tahir TAĞIYEV