Azərbaycanda hazırda özəl ali təhsil müəssisələrinə qəbul olanlar əsasən dövlət ali təhsil müəssisələrinə qəbul ola bilməyənlərdir ki, onların da böyük əksəriyyətinin biliyi kafi səviyyəsindən yuxarı deyil. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün "Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimində çıxış edərkən deyib.
Komissiya sədrinin sözlərinə görə, Azərbaycanda özəl ali təhsil müəssisələri əsasən humanitar və iqtisadiyyat ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirir. Abituriyentlər özəl ali təhsil müəssisələrinin ixtisaslarını ərizələrində axırıncı mövqelərdə göstərdiklərindən bu təhsil müəssisələrinin çoxunda müsabiqə vəziyyəti aşağı olur: "Abituriyentlər ərizələrinin ilk mövqelərində əsasən dövlət ali təhsil müəssisələrinin ixtisaslarını kodlaşdırırlar. 2014-cü ildə sənəd verənlər arasında özəl ali təhsil müəssisələrinin ixtisas kodlarını ərizələrində birinci yerdə göstərənlər cəmi 4,71 faiz olub. 2000-ci illərin birinci yarısında bu göstərici 0,67 faiz olmuşdu. On ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu sahədə irəliləyiş çox azdır".