Azərbaycanda məzarlıqlarla bağlı qanun layihəsi hazırlanır. Qanun qəbul edildikdən sonra bütün məzarlıqlar eyni olacaq. Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, insan vəfat edəndə onun məzarı üzərində nişanə olmamalıdır. Qanun qəbul edildikdən sonra məzarın üstündəki sinə və ya baş daşı ilə digər insan məzarı üzərindəki daş arasında fərq olmayacaq: "Qəbiristanlığa girən zaman elə bilirsən ki, muzeyə girisən. Bu, düzgün deyil. Qəbiristanlıqda məzar daşları biri-birindən fərqlənməməlidir. Bununla bağlı qanun layihəsi də hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub. Məqsəd İslami dəyərlərin qorunmasıdır".
Özəl qəbiristanlıqlar məsələsinə gəlincə, Komitə sədrinin sözlərinə görə, hansısa şirkət və qurum yer götürəcək və orada qəbiristanlıq yaradacaq: "Orada dövlətin qəbul etdiyi qaydalara uyğun qəbiristanlığın mühafizəsi, abadlaşdırılması və qəbirlərin yerləşdirilməsi ilə bağlı məsələlər yerli icra hakimiyyətlərinin və bələdiyyələrin nəzarətində olacaq".