Yevlax rayonu ərazisində iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Aran-Mingəçevir avtomobil yolunun 11-ci kilometrliyində qeydə alınıb.
Aran qəsəbəsi istiqamətində hərəkətdə olan 10-RM-332 dövlət nömrə nişanlı, "Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 22-BJ-603 dövlət nömrə nişanlı, "VAZ-2107” markalı minik avtomobili ilə toqquşub.
Toqquşma zamanı "VAZ-2107” markalı maşın alovlanıb. Avtomobildə sıxılıb qalaraq ağır yanıq xəsarətləri alan sərnişin, sürücünün anası Həsənova Naibə Musa qızı Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, xəstəxanada dünyasını dəyişib.
Hadisə yerinə FHN-nin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin xilasediciləri gələrək xüsusi alət və avadanlıqların köməyi ilə avtomobildə sıxılıb qalan yaralıları çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Hadisə zamanı "VAZ-2107” markalı avtomobilin sürücüsü Həsənov Allahverdi Qədim oğlu və atası Həsənov Qədim Allahverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların vəziyyəti ağır olaraq qalır.