Məlum olduğu kimi, martın 19-da respublika üzrə 11 bölgədə yerləşən 14 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçirilib.
Təhsil Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, ilk dəfə cari il üzrə keçirilən direktorların işə qəbulu imtahanlarında rekord sayda – 2683 namizəd iştirak edib.
Ancaq nəticələr isə o qədər də ürəkaçan olmayıb. İmtahan iştirakçılarından cəmi 846 nəfəri 60 test tapşırığının 30-dan çoxuna cavab verib, yəni 50 faizdən yuxarı nəticə göstərib. 2017 nəfər isə 50 faizdən aşağı nəticə göstərib. İmtahan iştirakçıları arasında hətta 10-15 bal toplayanlar da var. Qeyd edək ki, imtahan iştirakçıları arasında maksimum bal toplayan isə olmayıb.
Cəsarət Valehov: “Biz nəticələri uğurlu sayırıq, bir sıra yeniliklər də olub”
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, bu cür yanaşma düzgün deyil: “Bu, doğru yanaşma deyil. Hansısa rekordsmenin olmaması orada yaxşı nəticənin olmaması demək deyil. Dünyanın heç bir qiymətləndirmə sistemində belə bir yanaşma yoxdur. 2683 namizədin nəticələrini ictimaiyyətə açıqlamışıq. Hər bölgə üzrə müvafiq nəticə toplayan, eləcə də qrafik üzrə ən yüksək nəticə göstərən namizədlər haqqında ictimaiyyətə müvafiq açıqlamalar verilib. Biz nəticələri uğurlu sayırıq. Bir sıra yeniliklər də olub. Bu yenilikləri də infoqram şəklində paylaşmışam”.
Kamran Əsədov: “Məktəbdə direktor olmaq üçün 5 il pedaqoji təcrübə və elə pedaqoji ixtisas üzrə ali təhsil lazımdır, amma…”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, imtahan insanın biliyinin qiymətləndirilməsi prosesidir. Əsas cəhəti müəyyən dövrdən bir keçirilməsidir. Müxtəlif növ imtahanlar mövcuddur. Orta məktəb, ali məktəb, kurs, test, işə qəbul və s. Onların hamısı müəyyən dövrdə əldə edilmiş biliyin qiymətləndirilməsi üçün keçirilir. Məlumdur ki, ölkəmizdə test üsulu ilə imtahan 1992-ci ildən etibarən keçirilir. Əsasən kütləvi imtahanların şəffaf və çevik təşkili məqsədi güdülür. Amma nəticələri təhlil edəndə görürük ki, təhsildə yuxarıya doğru qalxdıqca, müsabiqə şərtləri aşağı düşür.
Həmsöhbətimiz hesab edir ki, idarəetməyə ən yaxşılar seçilməlidir: "Bəli, yaxşıların seçilməsi üçün keçirilən imtahan da bunlardan biridir. Deyirlər ki, direktor olmaq üçün xüsusi "Allah vergisi" olmalıdır. O, məktəbdə fala baxacaq?
Məktəb direktoru qanunvericilik bazasını bilsə, o yaxşı idarə edəcək. Çünki təhsil qanunvericiliyində müəssisəni necə idarə etmək lazımdır, qeyd edilib. Yəni MİQ-də 55 bal toplayana DİQ-də 10 bal toplayanın rəhbərlik etməsi ədalətli deyil. Mənə maraqlı gələn həm də imtahan iştirakçılarının sayının az olmasıdır. Orta məktəbdə direktor olmaq üçün 5 il pedaqoji təcrübə və elə pedaqoji ixtisas üzrə ali təhsil lazımdır. Amma Təhsil Nazirliyi direktor olmaq üçün pedaqoji ali təhsil tələbini pozmaqda davam edir. Kifayət qədər məktəb direktoru var ki, pedaqoji ali təhsili yoxdur".
Günel CƏLİLOVA