Son vaxtlar vətəndaşlar aviabiletlərin qiymətindəki artımdan gileylənirlər. Məsələn, azərbaycanlılar üçün ən populyar istiqamət olan İstanbula 350 manatlıq biletlərin 800 manata qaldırıldığı bildirilir və bu qədər yüksək qiymət artımının nə ilə bağlı olduğu sualı qoyulur. Xüsusən pandemiya dönəmində, əhalinin gəlirlərinin azaldığı bir dövrdə bu artım anlaşılmazdır.
Bəs, aviabiletlərin qiymətindəki ciddi artımın səbəbləri nədir?
“Azərbaycan Hava Yoları” QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski İstanbul üçün nəzərdə tutulan aviabiletlərin qiymətində artıq vəziyyətin dəyişdiyini söyləyib: “Aviaşirkətlərdə vahid qiymət olmur. Təyyarə oturacaqları dolduqca, qiymətlər yüksəlir”.
Iqtisadçı Günay Hüseynova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, biletlərdə qiymət artımının müşahidə olunması bütün dünyada nəzərə çarpır: “Bilirsiniz ki, dünyada koronavirus pandemiyası səbəbindən turizm sektoru tam çöküb. Aviaşirkətlər də əsas gəliri məhz bu sahədən götürürdü. Bir il ərzində, demək olar ki, bütün aviaşirkətlər uçuşlarını dayandırıb. Bu da həmin şirkətlər üçün xeyli maddi itki deməkdir. Ancaq biz dünyada olan qiymətlərlə AZAL-ın qiymətləri arasında kəskin fərq hiss edirik. Söhbət bundan əvvəlki və indiki məqamdan gedir. Səbəb AZAL-ın monopolist mövqeyilə bağlıdır. Onun tərəfindən xarici hava nəqliyyatı şirkətlərinin fəaliyyətinə süni əngəllər yaradıldığı iddiaları da zaman-zaman səsləndirilir. Qeyd olunur ki, AZAL xarici ölkələrin ucuz daşımaçılıq fəaliyyəti göstərən şirkətlərini ölkəyə buraxmayaraq inhisarçılıq fəaliyyəti ilə məşğuldur. Məlumatlara görə, Türk Hava Yollarının müxtəlif endirim kampaniyalarına da AZAL imkan vermir. Azərbaycanda ekonom uçuşu "Buta Airways" həyata keçirir ki, bundan da narazılıq böyükdür. Şirkətin sərnişindaşımanı keyfiyyətsiz həyata keçirməsilə yanaşı, heç də qiymətlərinin ucuz olmadığı söylənilir. Pandemiyadan əvvəl Azərbaycan vətəndaşları gediş-gəlişin ucuz olması səbəbindən uçuşlarını qonşu Gürcüstan üzərindən həyata keçirirdi. Yəni faktiki olaraq meydanda ancaq AZAL-dır. Ona görə də heç olmasa xarici şirkətlərin daxili bazara girməsinə imkan vermək lazımdır ki, rəqabət yaransın. Bu, qiymətlərin stabilləşməsi baxımından mühüm əhəmiyyətə malik ola bilər. Bildiyiniz kimi, AZAL hazırda Qapalı Səhmdar Cəmiyyətidir. Ancaq nəinki sərnişindaşıma, eləcə də bütün yükdaşıma şirkətləri Açıq Səhmdar Cəmiyyəti olmalı, özəlləşməlidir. Gərək bu şirkətlərdə dövlətin payı minimuma endirilsin. Əlbəttə, bu çətindir, böyük vəsait tələb edir. Lakin mümkündür. Mümkün olduğu qədər də vacibdir”.
Məhəmmədəli QƏRİBLİ