İndi elə bir adam tapılmaz ki, 44 günlük Vətən müharibəsində qazanılan şanlı zəfərimizə ürəkdən sevinməsin, onu öz həyatının ən əlamətdar hadisəsi bilməsin. Doğrudur, müharibə itkisiz, zəfər qurbansız olmadı.
30 il əsir Qarabağın yağılardan azad olmasında minlərlə Babək ürəkli, polad biləkli Vətən sevdalı igidimiz şirin canından keçdi. Vətən torpağının hər qarışı uğrunda misilsiz qəhrəmanlıqlar göstərən, 44 gün qorxu bilmədən dığalara qan qusduran, hazırda bizimlə bir sırada olan, xoş günlərimiz naminə qurub-yaradanlar da çoxdur. Özünü Vətənə, torpağa həsr edən, Astara elinin mərd oğlu Şamo İbrahimovun müharibə meydanında fədakarlığı, cəsurluğu heç zaman unudulmaz. Hər gələn nəsil ondan özünə nümunə götürəcək. Müharibə meydanında 44 gün sərasər vuruşan igidimiz Vətənə sipər etdiyi sinəsində indi beş - Füzulinin, Cəbrayılın, Qubadlının, Zəngilanın, Laçının azad edilməsinə görə medalları daşıyır. Bu da bir daha göstərir ki, Şamo qəlbindəki yurd, torpaq sevgisini zərurət anında xalq və dövlət yolunda təmənnasız xidmətə çevirə bilib.
Şamo İbrahimov ömrünün 27-ci ilini yola salır. Vətən qeyrətli, el namusunu çəkən əqidəli bir gəncdir. Yüksək əxlaqi keyfiyyətləri ilə seçilir, cəmiyyətdə sağlam mənəvi ideallar yaradır, insanları saf, nəcib məqsədlərə yönəldir. Bütün bu gördükləri Şamonun iş dünyasından qaynaqlanır. Şamo ikinci Qarabağ müharibəsinə də könülü gedib. Ürəyinin istəyi isə mənfur erməni dığalarını müqəddəs Azərbaycan torpaqlardan qovub çıxartmaq olur. İgid əsgər baş tuşlayıcı kimi Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının alınmasında çox oddan-alovdan keçir. Ağır müharibə meydanlarında göstərdiyi mərdlik, qəhrəmanlıq döyüş yoldaşlarını da qələbəyə aparır. Köksündə əsl igid ürəyi döyünən Şamonu Vətənə olan ilahi sevgisi dəfələrlə ölümün pəncəsindən alır. Şanlı tariximizə qızıl hərflərlə yazılan zəfər xəbərini səngərdə eşidəndə ürəyi qürurdan dağa dönür.
Qəhrəmanımız deyir ki, Böyük zəfərlə bitən Vətən savaşının iştirakçısı olduğuma görə özümü xoşbəxt sayıram. Həm də qazanılan qələbə göstərdi ki, bizim müdrik, özünü Vətənə, xalqa həsr edən dövlət rəhbərinin arxasında qürurlu, cəsur, vətənpərvər gənclər durur. Belə bir xalqın parlaq gələcəyini heç bir qara qüvvə onun əlindən ala bilməz.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü