Son günlər Bakının ətraf qəsəbələrində və şəhər mərkəzinə yaxın ərazilərdə olduqca bahalı villaların satışına dair elanların sayı artıb. Əsasən dəyəri 500 min manatdan yuxarı olan əmlakların satışı ilə bağlı elanların sayına daha çox rast gəlinir.
Elanların sayının bu qədər artması milyonluq mülklərin kütləvi satışının səbəblərinə diqqət çəkib. Bununla bağlı müəyyən fikirlər irəli sürülür. Belə bir fikir səslənir ki, pandemiya ilə bağlı olaraq bir qisim məmurun maddi vəziyyəti yaxşı olmadığı üçün onlar həmin mülkləri satışa çıxarıblar. Digər səbəb isə son günlər korrupsiya faktlarının ifşası ilə bağlıdır.
“Milyonluq mülklərin satışa çıxarılması səbəblərindən biri də problemli bank kreditləridir”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, son zamanlar bahalı mülklərin satışına dair elanların sayı artıb. Bunun müxtəlif səbəbləri var: “Səbəblərdən biri koronavirusla bağlı elan edilən pandemiya rejimidir. Pandemiyaya görə gəliri azalan iş adamları mülklərini satışa çıxarırlar. Milyonluq mülklərin satışa çıxarılması səbəblərindən biri də problemli bank kreditləridir. Məlumdur ki, çoxlu sayda sahibkarın kreditləri olduğu üçün onların əmlakları bankın girovluğundadır. Sahibkarlar banka olan borclarını ödəmək üçün əmlaklarını özləri satmaq istəyirlər. Məlumdur ki, hərraclarda satışa çıxarılanların qiyməti ucuz olur. Bu da sahibkarlara sərf etmədiyi üçün onlar özləri əmlaklarını satmaq istəyirlər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bahalı mülk satışı elanlarının artması səbəblərindən biri də fəaliyyətində qüsur olan məmurların özlərini sığortalamaq üçün həmin mülkləri satmaq istəyidir.
Günel CƏLİLOVA