30 il düşmən əsarəti altında qalan Azərbaycanın müqəddəs parçası sayılan Qarabağ şəhidlərin qanı bahasına azad olundu. Bir vaxtlar cənnəti xatırladan bu yerləri erməni dığaları xarabazara döndərib. Ölkə rəhbəri azad edilmiş ərazilərə yeni həyat gətirmək üçün bərpa, quruculuq işlərinə start verdi. Qarabağda, eləcə də ətraf rayonlarda başlanan quruculuq tədbirlərinə qoşulmaq, yardımçı olmaq hər bir vətəndaşın müqəddəs borcuna çevrilməlidir.
Artıq Lənkəran Peşə Liseyinin tələbələri ölkəmizdə başlanan bu quruculuq işlərinə ilk töhfəsini verib. Belə ki, liseyin “Bitkiçilik”, “Sitrus və çayçılıq”, “Kənd təsərrüfatı üzrə fermer” qruplarının istehsalat təcrübələri zamanı yetişdirilən 235 müxtəlif növ dekorativ ağacı işğaldan azad olunan ərazilərdə əkməkdən ötrü Cəbrayil rayonu, Cocuq Mərcanlı kəndinə hədiyyə ediblər. Gələcək günlərdə də bu nəcib təşəbbüsün davamı nəzərdə tutulub. Hazırda yeni ağacları yetişdirmək istiqamətdə işlər görülür.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü