Məlum olduğu kimi, 4 fevral axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücüsünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.
Bu barədə sosial şəbəkədə məlumat yayıldı. Öncə qeyd olundu ki, uzun, ağ rəngli sərnişin avtobusu polislərin "dur!" əmrinə tabe olmayaraq, sürətlə şütüyüb. Belə olduğu halda, polis avtomobili təqib edib. Hətta bu barədə sosial şəbəkədə görüntülər də paylaşılıb. Görüntülərdə polis maşınının qaçırılan avtobusun dayandırılması üçün ona çağırışlar etməsi və onun arxasınca getməsi müşahidə edilir.
Onu da qeyd edək ki, hüquq-mühafizə orqanlarının səyi nəticəsində şəhərin mərkəzi hissəsində sürət həddini aşaraq hərəkət edən avtobus maneə ilə saxlanıb. Avtobusu qaçıran sürücü və konduktorun içkili olması aydın olub.
Mais Ağayev: “...fakt üzrə araşdırma aparılır”
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, avtobusun təmsil etdiyi quruma məxsus olması barədə informasiyalar həqiqətə uyğun deyil: "Avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi "Xaliq Faiqoğlu" MMC-yə aiddir. 10 TG 816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır. Hazırda fakt üzrə araşdırma aparılır. Xətt üzrə daşıyıcı "Xaliq Faiqoğlu" MMC-nin məsul şəxsləri agentliyə çağırılıb".
"Xaliq Faiqoğlu": “Şirkət məlum məsələ ilə bağlı lazımi işləri görür”
Qeyd edildiyi kimi, qaçırılan 10 TG 816 dövlət qeydiyyat nişanlı avtobus "Xaliq Faiqoğlu" MMC-yə məxsusdur. "Xaliq Faiqoğlu" MMC-dən redaksiyamıza bildirildi ki, şirkət məlum məsələ ilə bağlı lazımi işləri görür: “Avtoxuliqanlıq edən və qəzanı törədən sürücü qanunvericiliyin tələbinə uyğun cəzalandırılacaq”.
Günel CƏLİLOVA