Xəbər verildiyi kimi, "YAŞAT” Fondu Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladları üçün yeni layihəyə başlayır. "ASAN xidmət"in yaydığı məlumatda qeyd olunur ki, layihə çərçivəsində şəhidlərn yeni doğulan körpələrinin analarına zəruri xərclərin qarşılanması məqsədilə 1000 AZN pul müavinəti təqdim olunacaq.
Həmçinin, şəhidin yeni doğulan övladının adına isə bankda depozit hesabı açılacaq və həmin hesaba Fonda edilən ianələr hesabına toplanmış məbləğdən 5000 manat köçürüləcək. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanacaq və şəhid övladı 16 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Şəhid ailələrinə göstərilən qayğı ölkə ictimaiyyəti tərəfindək yüksək qiymətləndirilir.
“Şəhid ailələrinin dünyaya gələn övladı üçün hesabın açılması və o hesaba 5000 manatın köçürülməsi müsbət addımdır”
“Vəfa” Sosial-İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli qeyd etdi ki, Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət göstərilməsi həm də cəmiyyətin böyük bir hissəsinin mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib: “Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inamını daha da artırır. “YAŞAT” Fondunun yaradılması hər kəs tərəfindən təqdir edilir. Fond yarandığı gündən etibarən şəhid ailələri və qazilərə müxtəlif formada yardım edir. Onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Məlumdur ki, şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərəçarpacaq dərəcədə gücləndirilib, o cümlədən, onlara yönələn sosial ödənişlər dəfələrlə artırılıb. Eyni zamanda, şəhid ailələrinin dünyaya gələn övladı üçün hesabın açılması və o hesaba 5000 manatın köçürülməsi müsbət addımdır. Beləliklə, şəhid balalarının gələcəyi dövlət tərəfindən təmin olunur. Həmin uşaq böyüyəndə istədiyi formada həmin vəsaiti xərcləyəcək. Onu da əlavə edim ki, “YAŞAT” Fondu dünyaya gələn şəhid ailələrinin övladı üçün zəruri xərclərin ödənilməsi məqsədilə 1000 AZN pul verəcək. Bu məbləğlə valideynlər övladlarına nə lazımdırsa, onu əldə edəcəklər”.
Günel CƏLİLOVA