“Hazırda ölkədə bizim 200 nəfərə yaxın heyətimiz çalışır. Biz Azərbaycanı doğma ölkə hesab edirik və işçi qüvvəsinin 72 faizini azərbaycanlılar təşkil edir. İlk vaxtlarda bizim heyət tamamilə italyanlardan ibarət idi, lakin tədricən heyətdə yerli əməkdaşların sayı artırıldı. Bu, daha bir vacib nailiyyətimizdir”.
Bunu İtaliyanın “Maire Tecnimont Group” şirkətinin sədri Fabrizio Di Amato Prezident İlham Əliyevlə videoformatda görüş zamanı bildirib.
Şirkətdə çalışan işçilərin 72 faizinin azərbaycanlı olması sevindiricidir. Maraqlıdır, başqa hansı xarici şirkətlər buna oxşar nümunə göstərə bilər?
“...yerli vətəndaşların işçi qüvvəsi kimi əməyindən istifadə etməkdə maraqlı olsun”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkəyə daha çox xarici investisiyanın cəlb olunması üçün xarici investorlara əlverişli şərait yaradılmalıdır: “Azərbaycanın qanunvericiliyində o müddəalar yer almalıdır ki, bura kapital qoymaq istəyən xarici sahibkar hansı şərtlər əsasında fəaliyyət göstərə bilər. Söhbət təkcə inzibati vasitələrdən getmir, eyni zamanda, stimullaşdırıcı alətlərdən də istifadə edilməlidir ki, xarici sahibkar ölkəmizə sərmayə qoyub müəssisə açarsa, o, yerli vətəndaşların işçi qüvvəsi kimi əməyindən istifadə etməkdə maraqlı olsun. Onu da qeyd edim ki, ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərin bəzisində çalışan xarici vətəndaşların əməkhaqqı yerli vətəndaşlarla müqayisədə qat-qat üstündür. Məlum məsələ dəfələrlə müzakirə olunub. Bu kimi məsələlər aradan götürülməlidir”.
Həmsöhbətimiz hesab edir ki, ölkədə fəaliyyət göstərən və ya göstərəcək xarici şirkətlərdə çalışanların bir qisminin yerli vətəndaş olması müsbət addım olar.
Günel CƏLİLOVA