Bir ildən çoxdur dünyanın başı üstünü qara kabus kimi alan COVİD-19 pandemiyası öz acı nəticələrini göstərir.
Yoluxma, insan ölümü faktları hələ qalır. Sevindirici haldır ki, dövlət başçısının gördüyü məqsədyönlü tədbirlər sayəsində ölkəmizdə bu bəlanın törətdiyi fəsadlar azalmağa doğru gedir. Həm də vaksinasıya prosesi başlanan gündən respublikamızda vəziyyət xeyli yaxşılaşıb. Bütün bunlara baxmayaraq, yenə də pandemiyaya tam qalib gəlmək üçün hər bir vətəndaşın dövlətin qoyduğu qaydalara ciddi şəkildə riayət etməsi vacibdir.
Məhz bu yöndə Lənkəranda da COVİD-19 pandemiyasına qarşı mübarizə tədbirləri ara vermir. Tədbirlərin mütəşəkkil qaydada getməsində Lənkəran şəhər Gənclər və İdman İdarəsinin əməkdaşları daha fəaldırlar. Bu günlərdə isə onlar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini gözləməklə insanları “taclı” düşməndən qorumaq məqsədilə rayonda əhali arasında daha bir maarifləndirmə aksiyası keçirdilər.
Aksiya zamanı əhalinin sıx olduğu yerlərdə bukletlər paylandı, ərzaq mağazalarının, digər xidmət sahələrinin qarşısına xəstəlikdən qorunma yollarını əks etdirən lövhələr yapışdırıldı. Həm də adamların nəzərinə dönə-dönə çatdırıldı ki, tənəffüs yollarını qoruyan tibbi maskanın taxılması, sosial məsafənin saxlanması indiki dönəmdə olduqca vacibdir.
Aksiyada Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollecin və Lənkəran Tibb Kollecinin tələbələri də könüllü olaraq yaxından iştirak etdilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü