Xəbər verildiyi kimi, “Azəriqaz” İstehsalat Birliyi fevral ayının 1-dən etibarən yeni növ, əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayıb.
Məlumat üçün bildirək ki, artıq bu sayğaclardan 30 min ədədi ölkəyə gətirilib.
“Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumatda qeyd olunur ki, istifadəsində olan mexaniki-elektron sayğacın sərfiyyatı çox qeydə aldığını iddia edən bir qrup abonent üçün də yeni ödənişli sayğaclar quraşdırılacaq. Ümumiyyətlə, sayğac əvəzlənməsi zamanı seçim abonentin ixtiyarına buraxılacaq. Onun istəyindən asılı olaraq, ya mexaniki-elektron, ya da əvvəlcədən ödənişli sayğac quraşdırılacaq. Bir sözlə, etiraz edən abonentlərin sayğacları yeniləri ilə əvəzlənəcək. Maraqlıdır, etiraz etməyən, ümumiyyətlə, məlumatlardan, yayılan iddialardan xəbərsiz olan və ya gec xəbər tutanların sayğacı sonradan dəyişdiriləcəkmi? Onlara bu şərait yaradılacaqmı?
“...vətəndaşlar qaz istehlakının doğru hesablanmaması ilə bağlı narazılıqlar edirdilər”
Məsələ ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, qaz sayğaclarının dəyişdirilməsi barədə vətəndaşlara əvvəldən məlumat verilməli idi: “Məlumat üçün bildirim ki, “Azəriqaz” tərəfindən açıqlanan rəsmi məlumatda qeyd olunub ki, bu, vətəndaşın istəyinə hesablanmış bir qərardır. Kim necə istəyirsə, sayğac o formada quraşdırılacaq və ya quraşdırılmayacaq. Bəllidir ki, köhnə sayğaclara keçidlə bağlı da problemlər yaşanmışdı. Vətəndaşlar qaz istehlakının doğru hesablanmaması ilə bağlı narazılıqlar edirdilər. Vətəndaşlar qeyd edirdilər ki, hesablanma doğru aparılmırdı. Çox güman ki, onlar bu etirazları nəzərə alıb, seçim imkanını vətəndaşların öhdəsinə buraxıblar. Əslində, bu, onu göstərir ki, “Azəriqaz”ın özündə bununla bağlı ortaq fikir yoxdur. Heç izahı da olmadı ki, bu qərar niyə verildi”.
Günel CƏLİLOVA