Bir neçə gün öncə “Expargo” karqo şirkətinin müştərilərinə şirkət tərəfindən təhqir mesajları göndərilib. Bu barədə sosial şəbəkədə qeyd edilib.
Qeyd edək ki, karqo şirkəti sifariş verilən məhsulun yoxa çıxması haqqında müştəriyə məlumat verib. Müştəri sifariş etdiyi məhsulun niyə yox olduğunu soruşanda şirkət həmin müştərilərə təhqiredici SMS göndərib. Bu vəziyyət müştərilən haqlı narazılığına səbəb olub.
“Expargo” karqo şirkəti: “Saytımıza olan kiberhücuma görə bəzi müştərilərimizə etik olmayan mesajlar göndərilib, buna görə onlardan çox üzr istəyirik”
Məsələ ilə bağlı “Expargo” karqo şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirdilər ki, onların saytlarına kiberhücum olduğu üçün müştərilərə xoşagəlməz mesaj göndərilib: “Saytımıza olan kiberhücuma görə bəzi müştərilərimizə etik olmayan mesajlar göndərilib. Buna görə onlardan çox üzr istəyirik. Problem artıq araşdırılıb və lazımi tədbir görülüb. Narahatlığa görə üzr istəyirik”.
Ancaq ekspertlər hesab edirlər ki, şirkərin müştərilərə təhqiredii mesaj göndərməsi bilərəkdən olub. Onlar daha çox reklam olunmaq üçün bu üsula əl atıblar.
Osman Gündüz: “Bu cür marketinq planı şirkətin yalnız imicinə ziyan vurur”
“Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirdi ki, bu hadisə haker hücumuna oxşamır: “Daha çox adi bir insan faktı ilə reallaşa biləcək məlumata bənzəyir. Bunu deməyə apardığımız müşahidələr də əsas verir. Hətta bəzi adamlar bunu bir marketinq aləti kimi qiymətləndirirlər. Yəni şirkət öz nüfuzunu qaldırmaq üçün belə bir addım atıb. Hesab edirəm ki, bu cür marketinq planı şirkətin yalnız imicinə ziyan vurur. Karqo şirkəti belə bir addımla özünə hansısa müsbət imic qazandıra bilməz”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, vətəndaşlarla işləyən qurum özünün təhlükəsizliyini qorumaq üçün önəmli addımlar atmalıdır: “Birinci növbədə, yaxşı mütəxəssisləri cəlb etməli, sistemlərini audit etdirməlidir. Həmçinin, müstəqil auditləri dəvət etməlidirlər ki, şirkətin dayanıqlığının nə qədər təhlükəsiz olduğunu araşdıra bilsinlər”
Günel CƏLİLOVA