Azərbaycanda “Twitter” istifadəçiləri “Facebook”dan çoxdur? - Maraqlı sorğu…

Müasir dövrdə, demək olar ki, hər kəs sosial şəbəkədən yararlanır. Sosial şəbəkənin müsbət və mənfi yönümü var. Əsasən sosial şəbəkədən informasiya əldə etmək üçün istifadə edilir. Şəbəkənin inkişafı informasiya bolluğuna və əlçatanlığına, ünsiyyət prosesinin daha optimal və rahat olmasına şərait yaradır. Sosial media bizi dostlar, ailə, iş yoldaşları və hətta digər kənar insanlarla bağlayır.
Aparılan araşdırmalara görə, ölkəmizdə sosial şəbəkə istifadəçilərinin sayı günü-gündən artır. İstifadəçilər daha çox "Twitter" hesabından istifadə edirlər.
2021-ci ilin yanvarında Azərbaycanın sosial şəbəkə bazarında “Twitter” 25,17 faiz payla birinci yerdə qərarlaşıb.
“Global Stats” statistika mərkəzinin yaydığı hesabatda qeyd olunur ki, ilk yerdə “Twitter” dayanır. İkinci yerdə 20,27 faiz göstərici ilə “Facebook” olub. Bu şəbəkənin Azərbaycanda aktiv istifadəçilərinin sayı dekabrla müqayisədə 0,23 faiz azalıb.
“Instagram” sosial şəbəkəsinin istifadəçilərinin sayı 4,59 faiz artaraq 20,1 faiz təşkil edib.
"YouTube" istifadəçilərinin fəallığı bir ay ərzində 5,55 faiz artaraq 19,3 faizə bərabər olub.
Ekspertlər hesab edirlər ki, “Twitter” istifadəçilərinin sayının artması səbəblərindən biri 44 günlük müharibə dövründə Prezident İlham Əliyevin adıçəkilən şəbəkədən aktiv istifadə etməsi və qazanılan uğur barədə ictimaiyyətə “Twitter”dən məlumat verməsi idi.
- “44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin qələbə xəbərlərini “Twitter” hesabı ilə elan etməsi qeyd olunan şəbəkə istifadəçilərinin sayının artmasına səbəb olub”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, 44 günlük müharibə zamanı Ali Baş Komandan İlham Əliyevin qələbə xəbərlərini “Twitter” hesabı ilə elan etməsi qeyd olunan şəbəkə istifadəçilərinin sayının artmasına səbəb olub: “Nəzərə almaq lazımdır ki, “Twitter” sosial şəbəkələrin rəsmi dili sayılır. “Facebook”, “Instagram”dan fərqli olaraq, diplomatik, rəsmi dil “Twitter” sayılır. Məlumdur ki, İkinci Qarabağ müharibəsinə qədər sosial şəbəkə istifadəçiləri daha çox “Facebook”a üstünlük verirdilər. Ancaq 44 günlük müharibə zamanı Prezidentin zəfər xəbərlərini məhz buradan açıqlaması qeyd olunan şəbəkənin daha da populyarlaşmasına səbəb oldu. Cənab Prezidentin məhz cəbhə, qalibiyyət xəbərlərini “Twitter” vasitəsilə elan etməsi Azərbaycanın ən müasir ölkələrin sırasında yer almasına səbəb olub”.
Günel CƏLİLOVA