Artıq bir neçə gündür ki, Bakıda minə yaxın taksi sürücüsü "Maksim” (2111) və "Omeqa” (0404) çağrı mərkəzlərini boykot edir. Sürücülər bu şirkətlərdə qiymətlərin həddən artıq ucuz olduğunu və təklif olunan şərtlərin onları qane etmədiyini bildirirlər. Boykotçu sürücülər bu şirkətlərdən sifarişləri qəbul etmir, öz sıralarını getdikcə genişləndirmək üçün səy göstərirlər.
Aksiyanın elan edilən məqsədi sürücülərin hüquqlarını pozan və insan əməyi üzərində minimum qiymət rəqabətinə girən çağrı mərkəzlərini və şirkətləri boykot etməkdir.
Qeyd etdiyimiz kimi, adıçəkilən taksi şirkətlərində çalışanlar öz çağrı mərkəzlərinə etiraz olaraq boykot edirlər. Onların etiraz etmələrinin əsas səbəbi qiymətin ucuz olması və bunun qarşılığında şirkətin onlara az məvacib verməsidir. Məlumat üçün bildirək ki, digər taksi şirkətləri ilə müqayisədə "Maksim” (2111) və "Omeqa” (0404) çağrı mərkəzlərinin qiyməti ucuzdur. Sərnişinlər də qiymət sərfəli olduğu üçün daha çox qeyd olunan taksi xidmətindən istifadə edirdilər. Ancaq qiymətin ucuz olması sürücülərə sərf etmir.
Ekspertlər hesab edirlər ki, taksi sürücülərinin etirazı şirkət rəhbərliyilə gizli oyunudur. Gediş haqqını qaldırmaq üçün onlar bu yola əl atıblar.
“...gediş haqqının artırılmasını tələb etmələri düzgün deyil”
Sosial sahə üzrə ekspert Mayis Əliyev bildirdi ki, hazırda taksi şirkətləri arasında rəqabət var. Daha çox müştəri cəlb etmək üçün şirkətlər gediş haqqını ucuzlaşdırır: “Sərnişin maddi baxımdan sərfəlidirsə, həmin taksi şirkətindən istifadə edir. Bu qayda əksər belədir. Çoxlu sayda taksi sürücüsünün "Maksim” (2111) və "Omeqa” (0404) çağrı mərkəzlərini boykot etməsi düzgün deyil. Gediş haqqının ucuz olmasının onlara heç bir aidiyyəti yoxdur. Sürücülər şirkət tərəfindən onlara ayrılan faizin artıtılmasını tələb etməlidirlər. Məlumdur ki, hər gedişdən əldə olunan vəsatin bir qismi şirkətə, bir hissəsi isə sürücüyə verilir. Sürücülər onlara çatan hissənin artırılmasını tələb etməlidirlər. Gediş haqqının artırılmasını tələb etmələri düzgün deyil. Gediş haqqı artırılarsa, sərnişin başqa xidmətin taksisindən istifadə edər. Belə olarsa, itirən sürücü və şirkət olacaq”.
Günel CƏLİLOVA