Azərbaycan gəncliyi Qarabağın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində nəyə qadir olduğunu erməni dığaları üzərində qazandıqları tarixi zəfərlə bütün dünyaya sübut etdi. Artıq hamı millətimizin qüruruna yaxşı bələddir. Qazanılan qələbədə Masallı gənclərinin payı da çoxdur. Rayonda 2 fevral gənclər günü münasibətilə keçirilən bir-birindən rəngarəng tədbirlər də məhz bugünkü gənclərə etibardan, inamdan irəli gəlir.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyevin keçirdiyi "Vətənimizin gələcəyi olan gənclər" mövzusunda onlayn görüş bu mənada böyük maraq doğurdu.
Görüşdə ilk öncə Vətən müharibəsində şəhid olmuş cəsur, igid oğlanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Seyfəddin Əliyev görüşə qatılan gənclərin timsalında bütün gəncləri bu əlamətdar günlə bağlı təbrik etdi və hər bir gəncə bir qayda olaraq dövlətimizin gördüyü işlərdə uğurlu, məqsədyönlü fəaliyyət arzuladı. Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Bəxtim Qarayev, Gənclər Birliyinin sədr müavini Dilbər İbayeva, Vətən müharibəsi iştirakçısı, qazi, müəllim Ceyhun Qurbanov ölkəmizdə gənc nəslə göstərilən diqqət və qayğıdan danışdılar, həmçinin rayon gənclərinin Vətənin müdafiəsində, təhsildə, eləcə də idmanda uğurlarını dilə gətirdilər, onları bundan sonra da ölkə həyatının bütün sahələrində fəal olmağa çağırdılar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev rayonun ictimai-siyası həyatında fəal iştirakına görə bir qrup gənci fəxri fərman və qiymətli hədiyyələrlə sevindirdi.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü