Əli Əsədov azad rayonlarda bərpa sifarişçiliyini niyə icra başçılarına yox, ...Komitəyə verdi...

Fikrət Yusifov: “...əraziyə fərq qoymadan standart formada işləri həyata keçirir”

img

Xəbər verildiyi kimi, Baş nazir Əli Əsədov "2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Sərəncam imzalayıb.

Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin həyata keçirilməsi üçün yaşayış evlərinin və obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi və aidiyyəti yerli icra hakimiyyəti orqanları bu Sərəncamın 1-ci hissəsinin icrasının təmin edilməsi ilə bağlı aidiyyəti üzrə lazımi tədbirlər görməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Burada maraqlı olan məqam odur ki, obyektlərin tikintisi üzrə sifarişçi funksiyaları, habelə inşa prosesində həyata keçiriləcək işlərin təşkili və əlaqələndirilməsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib. Bu iş müvafiq şəhər, rayon icra hakimiyyətlərinə həvalə edilsəydi nə olardı? Bunların işdə nə kimi fərqləri olacaq?

  • “İcra başçılarına həvalə edildikdə, bir sıra uğursuzluqlar, əyintilər və digər bu kimi problemlər yaşanır”

Məsələyə münasibət bildirən sabiq maliyyə naziri, iqtisad elmləri doktoru Fikrət Yusifovun sözlərinə görə, belə bir qərarın verilməsi bir sıra amillərlə bağlıdır: “Bundan əvvəl də bənzər qaydada işlər təşkil olunub. Bu, əslində, çox yaxşı haldır. O baxımdan ki, tikintidə, ümumilikdə, bəlli bir qaydada prinsiplərin, qaydaların qorunması, müəyyən qoyulan şərtlərə hər yerdə eyni qaydada əməl edilməsi baxımından bir mərkəzin bu işi görməsi yaxşı haldır. Bir qurum bütün bu məsələlərin idarə olunmasında həlledici rol oynayır. Bu zaman işi görən bir qurum heç bir bölgüyə, əraziyə fərq qoymadan standart formada işləri həyata keçirir. Əvvəllər bu belə deyildi. Çünki hər rayonda icra başçısı özü ayrılıqda icazə verirdi, daha sonra qərar verirdi. Nəticədə də bir sıra uğursuzluqlar, əyintilər və digər bu kimi problemlər yaşanırdı. Ən başlıcası, ciddi gecikmələrə yol verilirdi. Bu günə qədər də idarəçilikdə özünü göstərən həmin problemlər qalmaqdadır. Ona görə də bərpa işləri bir quruma həvalə edilib. Bu o deməkdir ki, işlərin həllində ardıcıllıq olacaq. Vahid koordinasiya olacaq. Ona görə də bu, təqdirəlayiq haldır”.

Sabiq nazir onu da qeyd etdi ki, sadalanan səbəblər üzündən belə bir qərarın verilməsi zərurəti yaranıb.

Vidadi ORDAHALLI

Son xəbərlər