Xəbər verdiyimiz kimi, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.
Qeyd edək ki, benzinin qiymətinin tənzimlənməsi ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi sürətləndirəcək. Təbii ki, bu hal ekologiyanın korlanmasının qarşısını alacaq.
Ekspertlərin fikrincə, yeni qərar ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaq.
“Bu qərardan sonra insanlar təbiət üçün zərərsiz olan, yanacağa qənaət edən avtomobillərə keçəcəklər”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, yanacağın qiymətinin tənzimlənməsi ictimai nəqliyyatdan istifadə edənlərin sayını artıracaq: “Aİ-92 markalı avtomobil benzininin tarifindəki dəyişikliyin yükdaşımaya, ictimai nəqliyyatda, o cümlədən, avtobusla müntəzəm sərnişindaşımaya hər hansı aidiyyəti yoxdur. Belə ki, bu sahələrdə dizel yanacağından, bir sıra avtobuslarda isə maye və ya sıxılmış qazdan istifadə olunur. Aİ-92 qiymətinin qalxması yalnız fərdi avtomobilə malik olan şəxslərə təsir edəcək. Bu da həmin şəxslərin qənaətcil olmasını, nəqliyyat sıxlığının qismən aradan qalxmasını şərtləndirəcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bu qərardan sonra insanlar təbiət üçün zərərsiz olan, yanacağa qənaət edən avtomobillərə keçəcəklər. Təbii ki, bu hal insanların büdcəsinə müsbət təsir edəcək: “Onu da deyim ki, taksi xidmətləri göstərənlər özləri gediş haqqını müəyyənləşdirirlər. Düşünürəm ki, burada da ciddi artım müşahidə olunmayacaq. Çünki taksi xidmətində güclü rəqabət var və operator şirkətlər daha ucuz xidmət tətbiq etməklə bazarda cəlbediciliyi artırmaq istəyirlər. Hətta Bakıda elə taksi xidmətləri fəaliyyət göstərirlər ki, onlardan istifadə etmək öz şəxsi avtomobilini sürməkdən daha sərfəlidir”.
Günel CƏLİLOVA