Məlum olduğu kimi, Tarif Şurası tərəfindən Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətinin artırılması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, burada məqsəd həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin Avro-5 standartına tam uyğunlaşdırılmasıdır.
Benzin və dizelin qiymətinin artırılmasının, baş verən qiymət tənzimlənməsinin ölkədə benzin və dizelin istehsal standartlarının yaxşılaşmasında, ekoloji mühitin saflaşmasında və ölkəmizin Avro-5 standartına keçidinin sürətləndirilməsində necə rol oynayacaq?
“Bu amil ekoloji saflığın təmin olunması, keyfiyyətin artırılmasında da özünün müsbət təsirini göstərəcək”
Millət vəkili, tanınmış iqtisadçı Rüfət Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, bu amil ekoloji mühitin təmizlənməsi, saflaşması, habelə benzin və dizelin keyfiyyətinin yüksəlməsi, ölkəmizin Avro-5 standartına keçidinin daha da sürətləndirilməsində əhəmiyyətli dərəcədə rol oynayacaq. R.Quliyev hesab edir ki, bütün bunlar dövlətimizin, cəmiyyətimizin xeyrinə olan addımlardır: “Benzin və dizelin qiymətinin tənzimlənməsi həmin məhsulların keyfiyyətinin yüksək standartlara çatdırılmasına xidmət etməklə yanaşı, həm də bu amil ekoloji mühitin yaxşılaşdırılmasında mühüm rol oynayacaq.
Bu istiqamətdə qiymət artımı bütün dünyada gedən prosesdir. Yəni bütün dünyada energetik məhsulların, benzinin, dizelin, qazın qiyməti artıb. Məsələn, baxmayaraq ki, dünya səviyyəsində qazın qiyməti aşağı düşmüşdü, amma Baltikyanı ölkələrdə qazın qiyməti qaldırıldı. Aydın məsələdir ki, bu, korona krizisin, pandemiyanın iqtisadiyyata təsiridir. Ona görə də dünya iqtisadiyyatı geriləyib, dünyada iqtisadi artım olmayıb, hətta deyərdim ki, mənfi olub. Ümumilikdə, dünya iqtisadiyyatı geriləyib. Təbii ki, bu amil də makroiqtisadi göstəricilərə təsir edib. O cümlədən, inflyasiyaya təsir edib, bütün dünyada işsizliyi artırıb və sair. Bunun fonunda isə Azərbaycanın makroiqtisadi göstəriciləri müsbət mənada fərqlidir. Yəni bizdə iqtisadiyyatın geriləməsi o biri dövlətlərlə müqayisədə azdır. Azərbaycanda 4, qonşu ölkələrdə və Avropa dövlətlərində isə 6, 7, 8 faizdir. İnflyasiyanı biz 3 faiz civarında saxlaya bildik, manatın məzənnəsini də saxlamağa nail olduq.
Bu istiqamətdə qiymət tənzimlənməsinin müsbət tərəfi odur ki, biz get-gedə daha çox dünya iqtisadiyyatına inteqrasiya olunuruq. Dünyada baş verən problemlər, istər-istəməz, Azərbaycana da təsir edir və o cümlədən də ekoloji məsələlərdəki problemlər. Azərbaycanda da ekoloji problemin aradan qaldırılması istiqamətində addımlar atılır. Son atılan addım da buna xidmət edir.
Bu amil ekoloji saflığın təmin olunması, keyfiyyətin artırılmasında da özünün müsbət təsirini göstərəcək. İstənilən halda, bu formada addımları bütün dövlətlər atıb”.
R.Quliyevin fikrincə, bizim ölkəmizin başqa dövlətlərin makroiqtisadi göstəricilərinin fonunda rəqəmləri daha müsbətdir, yaxşıdır.
İradə SARIYEVA