Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatına görə, beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişləri Dövlət Gömrük Komitəsinin yanvar ayının 1-dən etibarən fəaliyyətə başlayacaq e.customs.gov.az portalı vasitəsilə də bəyan etmək mümkün olacaq.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, yanvar ayının 1-dən etibarən beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə fiziki şəxslər tərəfindən xaricdən edilən sifarişlərin gömrük orqanlarına bəyan edilməsi məcburidir. Bəyanetmə prosesinin asanlaşdırılması, əlçatanlığının təmin edilməsi məqsədilə əməliyyatı “Smart customs” mobil tətbiqi ilə yanaşı, e.customs.gov.az portalı üzərindən də həyata keçirmək mümkündür. Bunun üçün e.customs.gov.az portalına daxil olub “Ana səhifə”dəki “Sadələşdirilmiş bəyannamə-Elektron ticarət” bölməsini seçməklə xidmətdən yararlanmaq olar.