Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi sonuncu sərt karantin özünün müsbət nəticələrini göstərməkdədir. Koronavirus epidemiyasına yoluxma sayı azalıb, artıq sağalanların sayı yoluxanları üstələyir.
Qeyd edək ki, iki həftə öncə virusa yoluxanların sayı 4000-i keçmişdi. Ancaq son günlər virusa yoluxanların sayı sürətlə azalaraq üçrəqənli həddə düşüb. Onu da qeyd edək ki, qonşu ölkələrdə virusa yoluxanların sayı azalmaq əvəzinə, əksinə, sürətlə artır.
Ekspertlər hesab edirlər ki, sağalanların sayındakı artımın olması gözlənilən idi.
“Azərbaycan dünya miqyasında koronavirus xəstələrinin müalicəsi ilə bağlı fərqli və daha effektiv praktika tətbiq edən nadir ölkələrdəndir”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, koronavirusdan sağalananların sayı yoluxanlarla müqayisədə üstünlük təşkil edir: “Sağalananların sayının çoxluq təşkil etməsi sevindiricidir. Sərt karantin rejiminin tətbiq edilməsinin müsbət nəticələri artıq özünü göstərir. İnsanlar lazımsız yerə evdən bayıra çıxmırlar. Həmçinin, insanların virusun varlığına inanması və bu səbəbdən də karantin qaydalarına inanması yoluxanların sayının azalmasına səbəb olub”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Azərbaycan dünya miqyasında koronavirus xəstələrinin müalicəsi ilə bağlı fərqli və daha effektiv praktika tətbiq edən nadir ölkələrdəndir. Burada koronavirusa yoluxan bütün xəstələr məhz tibbi müəssisələrdə, xüsusi şəraitdə, peşəkar tibbi personalın əhatəsində müalicə alırlar: “Heç də hər ölkə - hətta səhiyyə sistemi kifayət qədər inkişaf etmiş ölkələr belə, bütün koronavirus xəstələrinin tibb müəssisələrində müalicəsi üçün lazımi imkanlara malik deyil. Bir çox yerdə səhiyyə sisteminin inkişafında dövlət öz rolunu məhdudlaşdırdığından, insanların həyat və sağlamlığı əsasən özəl sektorun ixtiyarına buraxılıb. Belə ki, indiki böhranlı durumda xəstəxanalarda çarpayı çatışmazlığı var. Mövcud infrastruktur kifayət etmir. Çünki səhiyyə sistemində özəl sektorun geniş iştirakı hər nə qədər mütərəqqi hal olsa da, bu sektorun əsas məramı mümkün qədər az resurslar xərcləməklə çox mənfəət götürməkdir. Bu sahədə iş qurmuş, özəl klinikalar yaratmış adamlar belə böhran anlarına hazırlıq haqqında düşünə bilməzdilər. Bu cür vəziyyətlərin idarə olunmasına onlar öz məsuliyyət dairələrindən kənar məsələ kimi baxırlar. Ona görə də inkişaf etmiş bir çox xarici ölkədə insanların ölüm halları çox yüksək oldu. Heç kimin gözləmədiyi pandemiya dalğası həmin ölkələrin səhiyyə sistemini qısa zamanda çökdürdü. Ağır xəstələri qəbul edə bilmədilər. Beləliklə, kütləvi ölüm halı baş verdi. Azərbaycan isə vəziyyəti ona görə hazırlıqlı qarşılaya bildi ki, burada dövlət cəmiyyət üçün digər əhəmiyyətli sahələr kimi, səhiyyə sisteminin inkişafına da daimi dəstək verir”.
Günel CƏLİLOVA