Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən, məcburi köçkünlər üçün inşa edilən “Qobu Park-2” yaşayış massivinin sakinləri “Kristal Abşeron” şirkətindən şikayətçidirlər. Adıçəkilən ünvanda yaşayan bir qrup məcburi köçkün ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya açıq şikayət məktubu ünvanlayıb.
Sakinlər bildirirlər ki, adıçəkilən şirkətin Lökbatan qəsəbəsində inşa etdikləri binalar bir il keçməsinə baxmayaraq, yaşanılmaz və rahatsız vəziyyətdədir: “Möhtərəm Prezident və birinci xanım, yazıb sizdən təvəqqe edirik ki, işğaldan azad olunan torpaqlarımızda yeni binaların inşasını "Kristal Abşeron" şirkətinə həvalə etməyəsiniz və onları tikinti işindən uzaq tutasınız. Çünki hazırda məskunlaşdırıldığımız "Qobu Park-2" yaşayış massivində durum heç də ürəkaçan deyil. Belə ki, "Qobu Park-2" yaşayış massivində xeyli müddət su problemi yaşadıq, böyük narazılıqdan sonra problem həllini tapdı, daha sonra binaların üzlüyü qopub başımıza tökülməyə başladı. Onun çıxış yolunu isə üzlüyü binaya "şuruplamaqla" gördülər. İndi həmin "şuruplar"ın yerindən binaya su sızmağa başlayıb və divarlar nəmişlikdən göyərir. Bu azmış kimi, binaların üstü də keyfiyyətsiz, başdangetdi tollandığı üçün 10-cu mərtəbədə yaşayanların evlərinin tavanları kiflənməyə, evlərdən üfunət qoxusu gəlməyə başlayıb. Problemlə bağlı aidiyyəti qurumlara müraciət etsək də, məsələ həll olunmadı. Xahiş edirik ki, sözügedən şirkət barəsində ölçü götürülməsi üçün göstəriş verəsiniz. Və bizim yaşadıqlarımızı onlarla, yüzlərlə, hətta minlərlə sakinə yaşatmaması üçün "Kristal Abşeron" şirkətini tikinti prosesindən kənarda saxlamağınızı sizdən xahiş edirik”.
Məsələ ilə bağlı "Kristal Abşeron" şirkəti ilə əlaqə saxlamağa çalışsaq da, sualımıza cavab verən tapılmadı.
Günel CƏLİLOVA