Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən məktəb direktoru vəzifəsindən azad edilib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuata bildirib.
Qeyd olunub ki, direktorun əmək müqaviləsinə bu gündən xitam verilib: "Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".
Qeyd edək ki, N. Məmmədova bir müddət əvvəl karantin qaydalarını pozaraq özünə ad günü məclisi təşkil edib. N. Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbi ilə intizam məsuliyyətinə cəlb edilmiş, ona təhsil nazirinin əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdi.
Bununla yanaşı, N. Məmmədova xüsusi karantin rejiminin tələblərini pozduğuna görə müvafiq qaydada cərimə olunmuşdu.