Artıq bir ildir ki, yeni növ koronavirus Yer üzündəki bütün xəstəlikləri arxa plana keçirərək bəşəriyyətin bir nömrəli probleminə çevrilib. COVID-19 Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunandan bəri bütün ölkələr bu virusla mübarizəyə qalxıb və savaş aparır. Dünya tibbi, müxtəlif ölkələrin elm adamları insanlıq üçün yeni olan bu bəlanı "susdurmaq” naminə səfərbər olub.
Qeyd etdiyimiz kimi, bir sıra ölkələr vaksinin tapılması üçün çalışır. Məlumatlara görə, Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkətinin istehsal etdiyi sinovac vaksini artıq müsbət effekt verir. Əksər ölkə adıçəkilən vaksini sifariş edib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca keçirilən Elmi Komitənin iclasından sonra pandemiya ilə mübarizə ilə bağlı konfransda bildirib ki, Çində fəaliyyət göstərən dünyaca məşhur “Sinovac Biotech” dərman şirkətinin istehsal etdiyi sinovac vaksini yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı böyük təsirə malikdir və təhlükəsizdir: “Türkiyənin sifariş etdiyi 50 milyon doza sinovac peyvəndinin ilk hissəsinin dekabrın 28-də ölkəyə çatdırılması gözlənir. Hələ tam yekunlaşmamış sınaq nəticələrinə görə, bu vaksin xəstəliyə qarşı 91,25 faiz effektivlik göstərib. Lakin bu göstəricinin daha da yüksək olduğu hesab edilir. Çünki birinci və ikinci sınaq peyvəndləri risqli qruplar arasında aparılıb”.
Qeyd etdiyimiz kimi, artıq Türkiyə sinovac vaksinini seçib.
“...əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlana bilməsidir”
Həkim-ekspert Rasif Bağırov bildirdi ki, sinovac peyvəndi əksər ölkə üçün daha əlverişlidir: “Sinovac vaksini təsirsiz hala gətirilmiş peyvənddir. Onun hazırlanmasında orqanizmdə ciddi xəstəliyə və ya əks-təsirə səbəb olmadan, bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə olunub. Sinovac vaksininin əsas üstünlüklərindən biri onun adi soyuducuda 2-8 dərəcə temperaturda saxlana bilməsidir. Araşdırmalara görə, sinovac peyvəndi əksər ölkə üçün daha əlverişlidir. Məlumat üçün bildirim ki, Çin vaksinləri arasında yaxşı preparatlar var. Onları birmənalı şəkildə tənqid etmək olmaz. Çinin özündə çoxlu sayda güclü elmi-tədqiqat institutu mövcuddur. Çox güman ki, bizdə də sinovac peyvəndindən istifadə olunacaq”.
Günel CƏLİLOVA