Bakı Biznes Universitetinin rəhbərliyi bəyan edir ki, universitetin adından istifadə edərək bir sıra sosial şəbəkələrdə, eləcə də “Facebook” və “Instagram”da saxta səhifə yaradanlar informasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi sərhədsiz informasiya məkanından sui-istifadə etməklə mətbuat və fikir azadlığına xələl gətirərək, öz maraqlarını reallaşdırmağa cəhd edirlər.
Təəssüf ki, belə xoşagəlməz hallardan biri Bakı Biznes Universitetinə qarşı baş verib. Universitetin adından saxta səhifə və profillər açıb bu ali təhsil ocağının mövqeyinə uyğun olmayan əsassız və yalan məlumatlar yaymaqla onun fəaliyyətinə kölgə salmağa cəhd göstərirlər. Bu kimi ikrah doğuran addım günü-gündən inkişaf edən, ölkədə və beynəlxalq aləmdə ciddi uğurlar qazanan, təhsilin inkişafına, peşəkar ixtisaslı kadrların, sağlam gələcək nəsillərin yetişməsinə böyük töhfələr verən bir ali təhsil ocağının adına xələl gətirmək imkanında deyil. Bu yolu tutanlar universitetimizin və ziyalılarımızın nüfuzuna xələl gətirməyə, universitetlə ictimaiyyət arasında qarşılıqlı və etibarlı informasiya mübadiləsinə ciddi ziyan vurmağa cəhd etməklə hüquq pozuntusuna yol vermiş olurlar. Belə saxtakarlıqlara əl atanlar hər şeydən öncə bilməlidirlər ki, bu cür sui-istifadə hallarının hüquqi cəza mexanizmləri var. Belə ki, həmin saxta səhifə və profillər silinmədiyi təqdirdə onları yaradanlar müvafiq dövlət orqanları qarşısında qanunun tələbinə uyğun şəkildə cavab verməli olacaqlar.