Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında Qərar qəbul edib.
Qərarda qeyd olunur ki, “koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən, 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə müvafiq qaydalara uyğun olaraq, təkrar yoxlama keçirildikdən sonra 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək.
“Xüsusi karantin rejimi elan edilən rayon və şəhərlərdə yaşayan aztəminatlı şəxslərə 190 manat yardımın verilməsi müsbət haldır”
Sərt karantin rejimində aztəminatlı ailələrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsinin əhəmiyyəti haqqında danışan sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, xüsusi karantin rejimi elan edilən rayon və şəhərlərdə yaşayan aztəminatlı şəxslərə 190 manat yardımın verilməsi müsbət haldır və bu, həmin rayonların əhalisinin yaşayışına xeyli təsir göstərəcək. “Prezidentin tapşırığına əsasən, sərt karantin rejimi tətbiq edilən bölgələrin əhalisinə 190 manat yardım onların sevincinə səbəb olacaq. Xüsusi karantin rejimi elan edilən rayonların əhalisi dövlətin onlara maddi dəstək göstərməsini müsbət dəyərləndirir. Rayonlarda, kəndlərdə elə insanlar var ki, ümumiyyətlə, məşğulluğu, heç yerdən maddi təminatı yoxdur, belə bir zamanda dövlətin maddi dəstək göstərməsi o insanların yaşayışına müsbət təsir göstərəcək.
Məlumat üçün bildirim ki, 600 min şəxs bu yardımdan bəhrələnəcək. Bu həmin ailələrin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq”.
Günel CƏLİLOVA