Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Növbəti ildə əmək pensiyalarının orta məbləği 338 manat, yaşa görə pensiyaların məbləği isə 370 manat olacaq. Onun sözlərinə görə, bu rəqəmlər cari ilin göstəricilərindən 13 faiz çoxdur.
“Ölkədə aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır”
2021-ci ildə pensiya məbləğinin artmasının əhəmiyyəti haqqında danışan iqtisadçı Kamran Məmmədli qeyd etdi ki, ölkədə aparılan siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılmasıdır: “Azərbaycan dövlətinin, ölkə rəhbərliyinin, dövlət başçısının pensiyaçılara olan münasibətinin daha bir bariz nümunəsi, daha bir əyani göstəricisidir. Bu, sözün bütün mənalarında, təqdirə və alqışalayiq olan bir addımdır. Pensiyaların artırılması dövlətin növbəti sosial dəstəyinin nümunəsidir. Hökumət insanların sosial yaşayışına təsir edə biləcək bir sıra meylləri də nəzərə alır. Məlumdur ki, dövlət başçısının tapşırığı ilə əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi, pensiya və sosial müavinətlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Nəzərə almaq lazımdır ki, dünyada iqtisadi gərginlik baş verir. Bütün dünya koronavirus infeksiyasından əziyyət çəkir. Pandemiya ilə bağlı əksər ölkədə əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində hər hansı bir layihə həyata keçirilmir. Ancaq sevindirici haldır ki, ölkəmizdə bu istiqamətdə silsilə sərəncamlar, fərmanlar verilir”.
Günel CƏLİLOVA