Son zamanlar sosial şəbəkələrdə və bir sıra saytlarda bəzi otellərin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni illə bağlı şənlik və konsert proqramları daxil edilən bayram paketləri təklif olunur.
Məlumdur ki, koronavirus infeksiyası ilə bağlı ölkədə karantin rejimi elan olunub. Bu səbəbdən də kütləvi tədbir və bayram şənliklərinin keçirilməsi qadağandır. Ancaq otellər Yeni il bayramının keçirilməsi ilə bağlı sosial şəbəkədə elan paylaşırlar. Onu da qeyd edək ki, otellər 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gecəsi üçün keçiriləcək şou-proqramın qiymətini ikiqat qaldırıblar.
Dövlət Turizm Agentliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarını rəhbər tutaraq bəyan edir ki, otellərdə yuxarıda qeyd olunan bayramlarla əlaqədar kütləvi tədbir, şənlik və konsert proqramlarının təşkil edilməsi qadağandır.
Ölkə vətəndaşlarının Bakıda və ya regionlarda yerləşən otellərdə keçirilən bayram tədbirlərində iştirakla bağlı hər hansı elan və dəvətlərə aldanmamaları, xüsusi karantin rejimi qaydalarına əməl etmələri zəruridir.
Xüsusi karantin rejimi dövründə bu nğv faktlar aşkarlanacağı təqdirdə müvafiq dövlət qurumları tərəfindən qarşısı alınacaq, təşkilatçılar və iştirakçılar qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar.
Onu da nəzərə almaq lazımdır ki, koronavirus infeksiyasının sürətlə yayıldığı dövrdə otellərin bayram şənliyi keçirmək istəməsi nə dərəcədə doğrudur?
"Şahdağ” Turizm Mərkəzi: “Bayram günləri üçün xüsusi paketlər var və elə rezerv etmək mümkündür”
"Şahdağ” Turizm Mərkəzindən bildirildi ki, bayram günləri üçün xüsusi paketlər var və elə rezerv etmək mümkündür: “Amma bayram günü üçün axşam yeməyinin necə təqdim edilməsi ilə bağlı hələ ki, qərar yoxdur. İki nəfər üçün birgünlük qiymət 250 manatdır və bu qiymətə səhər yeməyi də daxildir".
"Relax Lerik Otel": “Bayram günü hansısa şənlik keçirilməyəcək, ancaq həmin gün darıxdırıcı olmayacaq”
"Relax Lerik Otel"də 2 nəfər üçün olan bir otağın qiyməti 24 saat üçün 300 manat civarındadır. Otel nümayəndəsi bayram günü hansısa şənliyin keçirilməyəcəyini deyərək, eyni zamanda, günün "darıxdırıcı" olmayacağını da bildirib: "Bayram günləri üçün boş yerlər var. Həmin günlər çox adam rezerv etdirmir deyə oteldə sıxlıq olmayacaq. 31 dekabr günü üçün hansısa şənlik keçirilməyəcək, amma gün darıxdırıcı da olmayacaq. Yəni günü maraqlı etməyə çalışacağıq. Qabaqcadan otağı bron etdirmək lazımdır. 2 nəfər üçün 1 otağın qiyməti 299 manat, 2 otaq 390 manat təşkil edir".
Günel CƏLİLOVA