“Çirkab su içində yaşayırıq, hər tərəf antisanitariyadır”
Binəqədi rayonunun Binəqədi kəndi 1-ci mədən, 10-cu korpus ünvanında yaşayan sakinlər adından Hüseynov Sənani Bəbir oğlu redaksiyamızla əlaqə saxlayaraq üç aydan artıqıdır ki, böyük bir problemlə üz-üzə qaldıqlarını bildirir. S.Hüseynovun sözlərinə görə, üç aydır ərazinin kanalizasiyası daşdığı üçün yaşayış evləri, yol tamamilə çirkli, üfunətli su seli qarşısında qalıb.
“Üç aydır ki, bizim küçədə kanalizasiya daşıb və ətrafı su basıb, üfunət həyəti başına götürüb. Burada real antisanitariya vəziyyəti yaranıb. Kanalizasiyanın əsas borusu nazikdir və bizdən yuxarı məhəllədə yaşayanlar da bu kanalizsiyaya qoşulublar, nəticədə də kanalizasiya daşıb. Bizim evin altı isə tamamilə sudur. Çirkab su içində yaşayırıq, hər tərəf antisanitariyadır. Dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyətinin “qaynar xətt”inə, eləcə də Bakı Kanalizasiya İdarəsinə zəng vurmuşuq, lakin hələ də problemimiz öz həllini tapmayıb. Baxmayaraq ki, şifahi şikayərtimiz Baş Kanalizasiya İdarəsi tərəfindən Rayon İcra Hakimiyyətinə yönəldilib, lakin hələ də gəlib problemi həll etməyiblər. Biz qapımızın ağzından Azərbaycan və Türkiyə bayraqları asmışıq, heç olmasa, o bayraqların xatirinə gəlib problemi həll etsinlər”.
Küçənin tamamilə palçıq içində olduğunu deyən S.Hüseynovun sözlərinə görə, yaxşı ki, uşaqlar məktəbə getmir, məktəbə getsəydilər, onların vəziyyətini təsəvvür etmək çətin olmazdı. Ayaqların daim çirk, palçıq içinə batdığını deyən S.Hüseynov və qonşuları qəzetimiz vasitəsilə problemin tezliklə həll ediləcəyinə ümid edirlər.
İradə SARIYEVA