Məlum olduğu kimi, Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edib.
Dövlət başçısı iclasda çıxış edən zaman bir sıra məsələlərə toxunub. O cümlədən, koronavirus pandemiyasına qarşı Azərbaycanda aparılan mübarizə tədbirlərindən danışarkən bildirib ki, həkim çatışmazlığı ümumi problemdir: “Çünki heç bir səhiyyə sistemində xəstələrin sayının bu qədər olacağı nəzərdə tutulmamışdı. Biz həmkar ölkələrlə operativ danışıqlar apararaq 5 ölkədən – İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimləri dəvət etdik. Bu, xəstələrin müalicə olunmasında bizə xeyli dərəcədə kömək etdi. Pandemiyaya qarşı mübarizə, habelə zərərçəkmiş kateqoriyalardan olan vətəndaşlara maliyyə dəstəyi göstərilməsi üçün dövlət büdcəsindən təqribən 2,5 milyard dollar məbləğində vəsait ayrılıb. Maliyyə dəstəyi tədbirləri Azərbaycanın beş milyona yaxın vətəndaşını əhatə edib, bu, bizim əhalinin yarısını təşkil edir”.
Bəlli olduğu kimi, 5 ölkədən ölkəmizə həkimlər dəvət edilib. Onlar koronavirusla mübarizədə yerli həkimlərlə birlikdə çalışırlar. Maraqlıdır, niyə İtaliya, Çin, Kuba, Rusiya və Türkiyədən həkimlər dəvət edilib?
“Ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə azərbaycanlı həkimlərlə çiyin-çiyinə mübarizə aparırlar”
Həkim-ekspert Rasif Bağırov qeyd etdi ki, koronavirusla mübarizədə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislər də cəlb olunub: “Məlumdur ki, ölkəmizə Kubadan həkimlər gəlib. Məlumat üçün bildirim ki, Kubanın səhiyyə və tibb sahəsində geniş təcrübəsi var. Bu ölkə yoluxucu xəstəliklər, xüsusilə Ebola virusuna qarşı mübarizədə geniş təcrübəyə malikdir. Ölkəmizə gələn səhiyyə işçiləri pandemiyaya qarşı mübarizədə azərbaycanlı həkimlərlə çiyin-çiyinə mübarizə aparırlar”.
Həmsöhbətimiz hesab edir ki, beynəlxalq mütəxəssisələrin ölkəmizə gələrək öz təcrübələrini bizlə bölüşməsi müsbət addımdır: "Qısa müddətdə görülən işlər, xəstəxanalarda texniki bazanın artırılması, ölkəyə gətirilən dərmanlar, hansılar ki, bu gün dünyada tapılması çox çətindir, texniki təminat, bütün bunlara görə ölkə rəhbərliyinə minnətdarıq. İtaliya, Türkiyə, Çin və Rusiyadan da ölkəmizə həkimlər gəliblər. Bu ölkələrdən gələn həkimlər yerli həkimlərlə birgə çalışırlar. Artıq koronavirus sahəsində yerli və ya xarici həkim söhbəti yoxdur. Xəstəlikdən əziyyət çəkən insanları bu bəladan qurtaran həkimlər var”.
Günel CƏLİLOVA