Son günlər Göyçay Rayon Mərkəzi Xəstəxanası ilə bağlı çoxlu sayda narazılıq səslənir.
Qeyd olunur ki, xəstəxanada böyrək xəstəliyindən əziyyət çəkənlər üçün dializ avadanlıqları yox səviyyəsindədir, həmçının, kompyuter-tomoqrafiya, EXO-kardioqrama, şüa-diaqnostika aparatlarını işlədən mütəxəssis ya yoxdur, ya da bir həkim mütəxəssisdən ibarətdir.
İlqar Məhərrəmli: “Xəstəxanada əhaliyə lazımi xidmət göstərilmədiyindən, insanlar rayondakı özəl klinikaya üz tutur, orada isə qiymətlər olduqca bahadır”
Hüquq müdafiəçisi İlqar Məhərrəmli bildirdi ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti qeyri-kafidir: “Xəstəxanada əhaliyə lazımi xidmət göstərilmədiyindən, insanlar rayondakı özəl klinikaya üz tutur, orada isə qiymətlər olduqca bahadır. Xatırladım ki, Göyçay Rayon Mərkəzi Xəstəxanası 2015-ci ilin oktyabrında əsaslı şəkildə təmir olundu. Xəstəxana müasir standartlara cavab verən formada təmir olunsa da, vəziyyət olduğu kimi qalır. Belə ki, böyrək xəstəliyindən (böyrək dializi) əziyyət çəkənlər üçün burada dializ avadanlıqları yoxdur. Vərəm xəstəliyinin müalicəsi üçün xəstəxanada balaca bir otaq ayrılıb. Kompyuter-tomoqrafiya, EXO-kardioqrama, şüa-diaqnostika aparatlarını işlədən mütəxəssislərimiz ya yoxdur, ya da bir həkim mütəxəssisdən ibarətdir. Ən əsası xəstəxanada karantin qaydalarına əməl edilmir”.
Nadir Əliyev: “Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verənlər araşdırılmalıdır”
Məsələ ilə bağlı fikir bildirən həkim-ekspert Nadir Əliyev qeyd etdi ki, kadr məsələsi təkcə rayon deyil, ölkə səhiyyəsinin problemidir: “Çünki universiteti yeni bitirən mütəxəssislər bölgələrdə işləmək istəmirlər. Bölgələrdən ATU-ya daxil olanlar həkim ixtisasına yiyələndikdən sonra geri dönmək istəmirlər. Regionlarda yüksək ixtisaslı həkimlərə ehtiyac olduğu halda hamı Bakıda qalıb işləmək istəyir. Ona görə də rezidenturada qəbul planını artırmaqla regionda həkim çatışmazlığını aradan qaldırmaq mümkün olmayacaq”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verənlər araşdırılmalıdır: “Rayon Xəstəxanasında dializ avadanlığının olmaması həmin ərazidə böyrək xəstəliyindən əziyyət çəkənlər üçün böyük problemə səbəb olur. Həmçinin, avadanlıqların olmaması və ya mütəxəssislərin həmin cihazdan hələ də istifadə edə bilməməsi indiki dövr üçün utancvericidir”.
Günel CƏLİLOVA