Bu günlərdə Azərbaycan xalqı Zəfər günlərini yaşayır. Xalqımız böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi. Bu qələbənin reallaşmasında müharibə iştirakçılarının, şəhid və qazilərinin misilsiz xidməti var. Şəhid və qazi ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. O ailələrin sosial müdafiəsi istiqamətində dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir.
Həyata keçirilən tədbirlərdən biri də şəhid və qazi ailələri üçün təsərrüfatların yaradılmasıdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi Lənkəran rayonunda da Vətən müharibəsi şəhidlərinin ailələri və bu müharibənin iştirakçıları üçün kiçik təsərrüfatlar yaradıb. Nazirliyin yaydığı məlumatda qeyd olunur ki, həmin şəxslər növbədənkənar özünüməşğulluq proqramına cəlb olunublar. Qısa müddətdə onlara mal və materiallar, avadanlıqlar verilib.
Agentlik postmüharibə dövründə şəhid ailələrinin, müharibə əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq tədbirlərinə cəlb olunması ilə bağlı Tədbirlər Planı əsasında bu kateqoriyalardan olan vətəndaşların aktivlərlə təminatı, habelə proqrama cəlb edilməsi işlərini davam etdirir.
Bu istiqamətdə görülən işlər ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.
“...dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olunmasıdır”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, Azərbaycanda şəhid ailələri və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı olub. Bu kateqoriyadan olan insanlar hər zaman dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar: “Bununla yanaşı, ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünün qabarıq formada İkinci Qarabağ savaşında daha açıq büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəyini onlardan əsirgəmədi.
Ümumiyyətlə, Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər çür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olunmasıdır.
Şəhid ailələrinə və müharibə veteranlarına kiçik təsərrüfatla məşğul olmaq üçün şərait yaradılıb. Bu layihə ilk olaraq Lənkəranda icra edilir. Hesab edirəm ki, ölkənin hər bir bölgəsində yaşayan şəhid ailələrinə və qazilərə kiçik təsərrüfatla məşğul olmaq üçün şərait yaradılacaq”.
Günel CƏLİLOVA