Hazırda ölkəmizdə koronavirusla mübarizə tədbirləri davam etdirilir, respublikamızda sərt karantin rejimi mövcuddur. Son həftələr virusa yoluxan xəstələrin sayının kəskin artması müşahidə edilir. Dövlət tərəfindən virusa yoluxan xəstələrin vəziyyəti nəzarətdə saxlanır və onlara hərtərəfli qayğı göstərilir.
Koronavirus xəstələrinə veriləcək vaksinlərin pullu, yaxud pulsuz olacağı xeyli müddətdir müzakirə edilirdi. Nəhayət, rəsmi qərar açıqlandı və Səhiyyə nazirinin müavini Viktor Qasımov Operativ Qərargahın dekabrın 15-də keçirilən brifinqində bildirdi ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiya pulsuz olacaq. Vaksinasiya strategiyası artıq hazırdır.
Onun sözlərinə görə, ölkədə vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risq qrupları müəyyənləşib. İlk növbədə, onların vaksinasiyası həyata keçiriləcək.
Əlbəttə, vətəndaşlarımız üçün vaksinasiyanın pulsuz olması Azərbaycan dövlətinin sosial mahiyyətinin daha bir ifadəsidir.
“Vaksinasiyanın dövlətimiz tərəfindən pulsuz həyata keçirilməsi qürurverici və təqdirəlayiqdir”
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan dövlətinin yürütdüyü sosial siyasətin
əsas hədəfi vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, rifahının yüksəldilməsidir. Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın pulsuz olmasının bu virusa yoluxan xəstələrə dövlət qayğısının daha bir göstəricisi olduğunu deyən A.Hüseynovun sözlərinə görə, Azərbaycan vətəndaşları daim dövlətin diqqət və qayğısını öz həyatlarında yaxından hiss edirlər. “15 dekabr 2020-ci il taxirdə keçirilən Operativ Qərargahın brifinqi zamanı məlum oldu ki, vaksinasiya dövlətimiz tərəfindən tam ödənişsiz olaraq həyata keçiriləcək. Əlbəttə ki, vaksinasiyanın dövlətimiz tərəfindən pulsuz həyata keçirilməsi qürurverici və təqdirəlayiqdir. Azərbaycan dövləti növbəti dəfə öz humanistliyini göstərərək, Azərbaycan vətəndaşının sağlamlığının qorunmasının ən prioritet məsələlərdən biri olduğunu ortaya qoydu.
Dünyanın bir çox ölkəsində ictimai səhiyyənin ön planda olmaması müşahidə edilir. Bu ölkələrdə sağlamlığın qorunması ayrıseçkilik prinsipi ilə həyata keçir. Yəni maddi imkanı olan vətəndaşlar yüksək səviyyədə tibbi yardım ala bilir, lakin yoxsul təbəqə tibbi xidmətdən kənarda qalır. Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlarımıza diqqəti və qayğısı nəticəsində 2005-ci ildən vətəndaslarımızın sağlamlığının qorunmasına dair bir sıra tədbirlər və dövlət proqramları uğurla həyata keçirilir və bütün dünyanı bürüyən COVID-19 virusunun qarşısını almaq üçün peyvəndləri əldə edərək təmənnasız vətəndaşlarımızı vaksinasiya etmək dövlətimizin növbəti humanist addımıdır. Ölkəmizdə vaksinasiya aparılmasına dair təşəbbüsə görə ölkə rəhbərliyinə böyük təşəkkürümüzü bildirirəm və tez bir zamanda xalqımızın bu bəla üzərində qələbə çalmasına ümid edirəm” - deyə A.Hüseynov qeyd etdi.
İradə SARIYEVA