Son vaxtlar ölkəmizdə COVID-19 pandemiyasına yoluxanların sayı artmaq üzrədir. Vəziyyətdən çıxmaq üçün, hər yerdə olduğu kimi, dağlar diyarı Lerikdə də Rayon İcra Hakimiyyəti tərəfindən qrafik əsasında təxirəsalınmaz tədbirlər görülür. Ən əsası, Lerik Rayon İcra Hakimiyyətinin başçısı yanında yaradılmış operativ qərargahın üzvləri COVID-19 pandemiyası ilə əlaqədar rayonun müxtəlif ərazilərində, şəhərin özündə vaxtaşırı reydlər təşkil edirlər.
Belə reydlər zamanı RİH başçısının birinci müavini Cəlil Baxşıyev şəhərin küçə və meydanlarında, marketlərdə vətəndaşlar, nəqliyyat işçiləri arasında söhbətlər aparır, onların qayğı və problemləri ilə maraqlanır, karantin rejiminin qaydalarına necə əməl etməsini yerindəcə öyrənir, öldürücü virusun insan sağlamlığına vura biləcək zərərin qarşısının almaqdan ötrü ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan bütün zəruri tədbirlərinə vaxtında əməl etməyi vətəndaşların nəzərinə çatdırır.
Söhbət əsasında Cəlil Baxşıyev dedi:- Rayonda virusun yarada biləcəyi təhlükənin qarşısını almaqdan ötrü hər bir vətəndaşın Nazirlər Kabineti yanında Operativ Qərargahın irəli sürdüyü bütün tələb və qaydalara ciddi şəkildə əməl etməsi, tibbi-mühafizə vasitələrdən, maska və əlcəklərdən müntəzəm istifadə olunması, vətəndaşlar arasında sosial məsafənin gözlənilməsi vacibdir. Tətbiq olunan karantinin, qarşıya qoyulan tələblərin yalnız əhalinin sağlamlığının qorunmasına və koronovirus pandemiyasının törədə biləcək faciəvi nəticələrini qabaqlamağa xidmət etdiyini ətraflı başa salmaqla sakinləri qaydalara ciddi şəkildə riayət etməyə çağırırıq. Gün ərzində yüzdən çox iaşə, bank, yanacaqdoldurma məntəqəsi və ticarət obyektlərə baş çəkir, karantin qaydalarını pozanlara qarşı lazımi tədbirlər görürük.
Rayonda kütləvi dezinfeksiya işləri də müntəzəm aparılır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü