Koronavirus Azərbaycanda geniş yayılır, hər gün yeni antirekord vurur. Artıq son zamanlar 4000-dən çox yoluxma halı qeydə alınır, ölənlərin sayı 1 faizin üzərindədir, hər gün ən azı 40 vətəndaşımız dünyasını dəyişir.
Xəstə sayı artdığı üçün xəstəxanalarda da yer azalır. Vəziyyətdən istifadə edən bəzi həkim və təcili yardım işçiləri vəziyyəti ağır olan koronavirus xəstələrini xəstəxanaya rüşvət müqabilində yerləşdirirlər. Xəstə yaxınına yerin olmadığını əsas gətirərək, ondan müəyyən məbləğdə pul alaraq xəstəxanaya aparırlar.
Elnarə Baxış: “Məsələ araşdırılacaq”
Məsələ ilə bağlı fikir bildirən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və PR-marketinq şöbəsinin məsləhətçisi Elnarə Baxış məsələnin araşdırılacağını dedi.
Adil Qeybulla: “Xəstənin xəstəxanaya rüşvət müqabilində yerləşdirilməsu vəziyyətin daha da pişləşməsinə səbəb olur”
Həkim-ekspert Aydın Əliyev qeyd etdi ki, COVID-19 üçün ayrılmış xəstəxanalarda çox sayda tapşırıqla və pul alınaraq yatızdırılan yüngül xəstə var: “Ağır xəstələrə xəstəxanalarda yer tapılmır. Onlar evlərində və təcili yardım maşınlarında həyatını itirirlər. Xəstələr çarəsiz vəziyyətdədirlər. Məsələnin ciddiliyi nəzərə alınıb, təcili tədbirlər görülməlidir”.
Aydın Əliyev: “COVID-19 üçün ayrılmış xəstəxanalarda çox sayda tapşırıqla və pul alınaraq yatızdırılan yüngül xəstə var”
Professor, tibbi ekspert Adil Qeybulla qeyd etdi ki, xəstəxanalarda xəstə çox olanda, kollektiv çətinliklər yarananda belə neqativ hallara yol açılır: “Bu cür faktlar araşdırılmalıdır. Xəstənin xəstəxanaya rüşvət müqabilində yerləşdirilməsu vəziyyətin daha da pişləşməsinə səbəb olur. Xəstəxanalarda xəstə çox olanda, kollektiv çətinliklər yarananda belə neqativ hallara yol açılır. Bununla bağlı araşdırılma aparılmalıdır".
Sonda onu da qeyd edək ki, biz bununla həkimlərin ağır və risqli əməyinin üzərinə kölgə salmaq istəmirik. Onlar gözəgörünməz virusla mübarizədə əsl qəhrəmanlıq nümayiş etdirirlər, yoluxurlar və hətta həyatlarını da qurban verirlər.
Günel CƏLİLOVA