Vətən müharibəsi kompleksi və Zəfər muzeyi üçün Bakının hansı yerləri təklif olunur…

img

Prezident İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Qarabağ savaşında iştirak edənlərin xatirəsinin əbədləşdirilməsi üçün memorial kompleksin və Zəfər muzeyinin yaradılması müsbət addmdır. Maraqlıdır, Zəfər muzeyi və memorial kompleks Bakının hansı ərazisində yaradılmalıdır?

  • Sabir Rüstəmxanlı: “Bakıda ümumi böyük soyqırım muzeyinə və abidəsinə ehtiyac var”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, deputat Sabir Rüstəmxanlı bildirdi ki, Qarabağ savaşında iştirak edən şəhidlərimizin adlarının əbədiləşdirilməsi üçün Ağdamda, Bərdədə və ya Bakıda abidə qoyula bilər: “Bakıda ümumi böyük soyqırım muzeyinə və abidəsinə ehtiyac var. Son 2 əsrdə kənar ölkələrin fitnəsi ilə Azərbaycanda soyqırım törədənlər, eləcə də erməni daşnaklarının və onlara yaxın insanların əlləri ilə 1905-1906-ci illərdə, 1918-ci il və 1988-ci ildən sonrakı dövrdə qətlə yetirilən insanların xatirəsinə böyük soyqırım muzeyi yaratmaq lazımdır ki, gələn qonaqlar daha çox oraya aparılsın. Müharibə varsa, şəhid də olur. Amma günahsız, dini, etnik mənsubiyyətinə görə qətlə yetirilən və soyqırıma məruz qalan şəhidlərimiz üçün özəl muzey açılmalıdır. Bu, Azərbaycanın faciəvi tarixini göstərməklə yanaşı, həm də gələcəyimizi nizamlayar”.

  • Əfqan Sadiqli: “Dağüstü parkdan Bakı tam şəkildə göründüyü üçün Zəfər muzeyinin həmin ərazidə yaradılması daha münasibdir”

Memar Əfqan Sadiqli bizimlə söhbətində bildirdi ki, Vətən müharibəsindəki uğurlarımız dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi sayəsində mümkün olub: “Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri və korrektələri regiondakı prosesləri əhəmiyyətli dərəcədə dəyişdirib. Uğurlu informasiya siyasəti, Prezident İlham Əliyevin 44 gün ərzində 26 xarici mediaya müsahibəsində hərbi əməliyyatlarla bağlı həqiqətlər dünyaya çatdırıldı”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, Zəfər günü ilə bağlı verilən qərarlar müqəddəs dövrün ən mühüm tarixini özündə əks etdirir: “Biz hər zaman bu günlərdən qürur və şərəflə danışacağıq. Prezident Sərəncamına əsasən, paytaxt Bakı ərazisində Zəfər muzeyi və memorial kompleks yaradılacaq. Yaxşı olar ki, Zəfər muzeyi Bakının ən hündür yerində - Dağüstü parkda yaradılsın. Belə olarsa, Bakıya qonaq gələn rəsmi və qeyri-rəsmi şəxslər ilk olaraq Şəhidlər xiyabanına yollanar. Şəhidlər xiyabanının bir hissəsində İkinci Qarabağ döyüşçülərinin xatirəsi üçün memorial kompleks və Zəfər muzeyi yaradıla bilər”.

Həmsöhbətimiz hesab edir ki, Dağüstü parkdan Bakı tam şəkildə göründüyü üçün Zəfər muzeyinin həmin ərazidə yaradılması daha münasibdir.  

Memar onu da əlavə etdi ki, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi xalqımızın döyüş ruhunu, Vətən sevgisini, milli həmrəyliyimizi, dövlətimizin, ordumuzun əzəmətini nümayiş etdirən memarlıq abidəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın bütövlüyünü və bölünməzliyini simvolizə edəcək.

Günel CƏLİLOVA

Son xəbərlər