Cəmiyyətimizin gələcəyi sayılan 20 yaşa qədər gənclər həm də böyük təhlükə mənbəyinə çevrilir - tibb alimi nəyə əsaslanır…

Rasif Bağırov: “Bir sıra ölkələrdə yaşı 20-dən az olanlara evdən çölə çıxmağa qadağa qoyulmuşdu, bizdə…”

img

Bu gün demək olar ki, bütün dünya COVID-19 virusundan əziyyət çəkir. Azərbaycanda da vəziyyət ürəkaçan deyil. Virusa yoluxma sayı günü-gündən artır. Artıq koronavirus infeksiyasına yoluxma sayı günlük 3000-4000 arasında dəyişir. Xəstəlikdən qorunmaq üçün sadə qaydalara əməl edilməsinin vacibliyi barədə açıqlamalar verilsə də, bəzi insanlar hələ də öz bildiklərini etməkdə davam edirlər. Nəticədə isə virusa yoluxma sayı artmaqda davam edir.

Onu da qeyd edək ki, virusun əsas daşıyıcıları 20 yaşa qədər olan şəxslərdir.

Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində çıxışı zamanı deyib ki, yaşı 20-dən kiçik olanlar xəstəliyi simptomsuz keçirirlər: “Həmin şəxslər evə gələrək 65 yaşdan yuxarı şəxsləri və xəstə insanları yoluxdura bilərlər. Bununla da deyə bilərik ki, 20 yaşdan aşağı insanlar ətrafa ölüm yayırlar”.

Onu da qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən, qonşu Türkiyədə yaşı 18-dən az olanların evdən çölə çıxmasına qadağa qoyulmuşdu. Səbəb isə bu yaşda olan şəxslərin xəstəliyi simptomsuz keçirdiyi üçün ətrafa xəstəlik yaymasıdır.

Maraqlıdır, bizdə yaşı 20-dən az olan insanlarla bağlı hansı profilaktik tədbirlər görülməli, onların küçədə markasız hərəkət etməsinin qarşısı necə alınmalıdır?

  • “Yaşı 20-dən az olan şəxslər icazəsiz və səbəbsiz yerə evdən çölə çıxıb maska taxmayıblarsa, sərt şəkildə cəzalandırılmalıdırlar”

Həkim-ekspert Rasif Bağırov bildirdi ki, uşaqlar və yeniyetmələr də bu xəstəliyə yoluxa bilərlər. Lakin böyüklərlə müqayisədə onlar bu xəstəliyi daha yüngül keçirirlər: “Təbii ki, burada 20 yaşdan kiçik olanların hər hansı xroniki xəstəliyinin, immun çatışmazlığının, yaxud başqa xəstəliklərinin olmaması önəmlidir. Bundan başqa, uşaqlarda simptomlar bilinmədiyinə görə onlar daşıyıcı olurlar və bu, daha çox təhlükəlidir. Çünki orqanizm virusla mübarizə apardığı vaxtda uşaqlar özləri də heç bir şey hiss etdirmədən xəstəliyi digərlərinə yoluxdururlar. Bu səbəbdən də yaşı 20-dən az olanlara xüsusi nəzarət edilməlidir. Bu yaşda olan şəxslərin lazım olmadıqca evdən çölə çıxmasına icazə verilməməlidir. Bir sıra ölkələrdə yaşı 20-dən az olanlara evdən çölə çıxmağa qadağa qoyulmuşdu. Bizdə də belə bir qayda tətbiq olunmalıdır. Yoluxma sayı azalana qədər belə bir qadağa tətbiq edilməlidir. Bu yaşda olan şəxslər icazəsiz və səbəbsiz yerə evdən çölə çıxıb maska taxmayıblarsa, sərt şəkildə cəzalandırılmalıdırlar”.

Günel CƏLİLOVA

Son xəbərlər