
İkinci Qarabağ müharibəsində Vətənin şərəfini öz canından üstün tutub torpağın müqəddəsliyinə tapınmaqla onu erməni dığalarının əsarətindən xilas etməkdən ötrü odun-alovun içinə atılan igidlərdən biri olan Malid Mövsüm oğlu Qəmbərov Astara rayonu, Ojakəran kəndindəndir.
Malid saf, duru insanlardan ibrət götürə-götürə boy atır. Ən böyük səadəti, həyatın varlığını vətəninə, xalqına gərəkli olmaqda görür. Gələcəyə doğru getdiyi yolda yüksək mədəniyyəti, gözəl əxlaqi dəyərləri ona dayaq durur. Orta məktəbi bitirib, 2013-cü ildə ordu sıralarına çağırılır. Xidmət zamanı qeyrət-namus rəmzi bildiyi Azərbaycanın müqəddəsliyini hər şeydən əziz sayır. Məqamında xain dığaların alçaq əməllərinin qarşısını ləyaqətlə alır, əsgəri borcunu şərəflə yerinə yetirir. Hərbi xidmətini başa vurduqdan sonra el-obanın tərəqqisi naminə dinc əməkdən yapışır. Xalqını, millətini sevən sədaqətli ürəyi qurub-yaratmaqdan doymur. Gözəl əməlləri onu insanların gözündə ucaldır, cəmiyyətdə yüksək mövqe tutur.
Vətənə cəsur oğullar lazım gələndə, Malid cəsarətlə, ürəklə onun haqq çağırışına yollanır. O, atıcı briqadasında dığalara qarşı döyüşür. Ağcabədidə, Füzulidə, Xocavənddə, Laçında, Şuşada dığalar Malid kimi igidlərin zərbini görüb, itki verib geri qaçırlar.
Noyabrın 8-də Şuşada yaralananda ilk saatlar özündə olmayıb. Gözünü xəstəxanada açanda sağ qolundan ağır yara aldığını anlayır. Astara elinin qəhrəman oğlu deyir:- Azərbaycan ordusu tarixi bir zəfər qazandı. 30 il dığaların tapdağında olan müqəddəs Qarabağ torpaqları azad edildi. Xalqımız üçün bundan böyük xoşbəxtlik ola bilməz. Döyüşdə sağ qolumdan ağır yaralansam da, ordumuzun qələbəsinə ürəkdən sevinirəm. Amma ağır müharibə meydanında çiyin-çiyinə Vətən torpağı naminə can qoyduğumuz dostlardan ötrü çox darıxıram, yanlarına getmək istəyirəm...
Malid ailəlidir. Halal ocağında iki gül balası böyüyür. Qardaşı Amid hazırda vətənin keşiyindədir.
Zəfər ORUCOĞL
Azərbaycan Jurnalistlər Birliyinin üzvü