Övladlığa götürülən uşaqlara görə dövlətin maliyyə təminatı əhəmiyyətli dərəcədə artırıldı

Musa Quliyev: “Ailədə uşaq daha çox sosiallaşır”

img

Övladlığa uşaq götürənlərə müavinət veriləcək. Bununla bağlı artıq layihə hazırlandı və Prezident İlham Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinə yönəlib.

 

Ümumiyytlə, Prezident İ.Əliyevin təsdiqlədiyi yeni qanunlar valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin stimullaşdırılmasına, bu kateqoriyadan olan uşaqlara qayğının daha da artırılmasına xidmət edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, gələn ilin əvvəlindən yeni aylıq müavinət növü təsis olunacaq. Müavinət valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş 3-18 yaşarası uşaqları övladlığa götürən şəxslərə hər uşaq üçün təyin ediləcək. Dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Fərmanında bu müavinətin məbləği övladlığa götürülən hər uşaq üçün aylıq 160 manat, övladlığa götürülən sağlamlıq imkanları məhdud hər uşaq üçün aylıq 480 manat məbləğində müəyyən olunub.

 

  • “Bu həm də övladı olmayan, yaxud da övladı olub digər uşağı övladlığa götürən şəxslər üçün də bir mənəvi-psixoloji stimul yaradacaq”

Millət vəkili Musa Quliyev qeyd etdi ki, qanunvericilikdə övladlığa götürülən uşaqlara görə müavinətin verilməsi vacib addımdır: “Sosial müavinətlər haqqında” Qanuna təklif olunan dəyişikliyə əsasən, 0-18 yaşarası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxslərə 480 manat müavinət, valideyn himayəsindən məhrum olmuş 3-18 yaşarası uşağı övladlığa götürən şəxsə 160 manat veriləcək.

İstənilən halda, uşaq hər şeylə təmin olunsa belə, ailədə böyüyən uşaqla uşaq evində böyüyən uşağın xoşbəxtliyi bir olmur. Ailədə uşaq daha çox sosiallaşır, qaynayıb-qarışır, özünü daha çox güvəndə hiss edir. Bununla həm də övladı olmayan, yaxud da övladı olub digər uşağı övladlığa götürən şəxslər üçün də bir mənəvi-psixoloji stimul yaranır. Dövlətin əsas siyasəti ondan ibarətdir ki, uşaqlar daha çox ailələrdə böyüsünlər".

Günel CƏLİLOVA

Son xəbərlər