Pandemiyanın tüğyanı - cəmiyyətimiz özü SMS icazə sisteminin tətbiqinə meyllidir…

Aytəkin Kamranqızı: “Sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır”

img

Ötən bir neçə həftə ərzində koronavirusa yoluxma statistikasında kəskin artım müşahidə olunur. Son hadisələr nəticəsində bu sayda bir az da artım gözlənir.

 

Onu da vurğulayaq ki, son günlər sosial şəbəkələrdə, cəmiyyətdə karantin rejiminin sərtləşdiriləcəyi, SMS icazənin yenidən tətbiq ediləcəyi ilə bağlı fikirlər səsləndirilir.

Hökumət tərəfindən lazımi tədbirlər görülsə də, bütün dünyada, eləcə də Azərbaycanda koronavirus çox şiddətlə artır. Yoluxanlar arasında ölənlərin də sayı durmadan artır. Bu səbəbdən də ekspertlər təcili şəkildə sərt tədbirlərin görülməsinin vacib sayırlar.

Maraqlıdır, karantin rejiminin sərtləşdirilməsi indiki məqamda effektli olacaqmı?

  • “SMS icazə forması yenidən tətbiq edilməlidir”

Məsələ ilə bağlı açıqlama verən sosioloq Aytəkin Kamranqızı bildirdi ki, sərt karantin rejimi tək həftəsonu deyil, həftəiçi də tətbiq olunmalıdır. Buna ara verilməməlidir: “Hazırkı şəraitdə karantin rejimi sərtləşdirilməlidir. Virusa yoluxan şəxslərin sayı çoxdur. Evdə koronavirus xəstəsi olub da bunu gizlədən vətəndaşlarımız kifayət qədərdir. Bu da başqa insanları yoluxdurmaq deməkdir. Vəziyyət nəzarət altında olmalıdır. İnsanlar vaxtında həkimə müraciət etmək istəmirlər”.

Həmsöhbətimiz hesab edir ki, virusa yoluxma sayı artdığı üçün sərt karantin rejimi tətbiq edilməlidir: “Bu gün küçələrdə, ictimai nəqliyyatda çoxlu sayda adam var. Müəyyən iş yerləri tamamilə bağlanmalı və ya  növbəli rejimə keçməlidir. Şənbə-bazar tətbiq edilən qadağalar üç-dörd günə qaldırıla bilər, SMS icazə forması yenidən tətbiq edilməlidir. Yaxşı olar ki, 65 yaşdan yuxarı və 18 yaşa qədər şəxslərin bir ay ərzində küçəyə çıxması qadağan olunsun. Kafe-restoranların, ictimai iaşə müəssisələrinin iş saatını azaldıb, onlayn sifarişləri artırmaq olar. Həmçinin, sərt karantin rejimi dövründə Bakıya giriş-çıxış qadağan edilməlidir. Belə olarsa, virusa qalib gəlmək olar”.

Günel CƏLİLOVA

Son xəbərlər