Süni tənəffüs aparatları ilə rəftar etməyi bacarmayan həkimlər var imiş? - TƏBİB-dən ağır ittiham...

Adil Qeybulla: “TƏBİB yəqin ki, anestezioloqların və reanimatoloqların sayının hazırkı şəraitdə yetərli olmadığını nəzərdə tutur”

img

“Əhalinin süni tənəffüs aparatlarının funksiyalarını tam olaraq bilməməsi təbii sayıla bilər. Amma təəssüf ki, çox həkim də süni tənəffüs aparatlarının funksiyalarını, onların hansı hallarda istifadə edildiyini tam olaraq yaxşı bilmir”.

Bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu Departamentinin müdiri Yaqut Qarayeva Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında deyib. Onun sözlərinə görə, süni tənəffüs cihazları insana qoşulan kimi fayda vermir: “Süni tənəffüs cihazı bir möcüzə deyil. O, kiməsə qoşuldusa, həmin adam mütləq sağalacaq - belə deyil. Bu cihaz yalnız bir vasitədir ki, ağciyərlərə oksigen ötürülsün”.

Bəzi mütəxəssislər hesab edirlər ki, pandemiya şəraitində nəinki Azərbaycanda, bütün dünyada bu sahə ilə məşğul olan ixtisaslı həkimlərin sayı yetərincə deyil. Ekspertlər qeyd edirlər ki, Azərbaycanda və dünyada bu sahədə olan mütəxəssislərin sayı qeyri-pandemiya şəraiti üçün yetərlidir, amma pandemiya şəraiti üçün azdır.

  • “Cərrah, nevropatoloq, kardioloq və başqa sahənin həkimləri inkubasiya ilə məşğul deyil, onlar süni tənəffüs aparatı qoşmurlar”

TƏBİB-in ittihamlarını “Bakı-Xəbər”ə şərh edən professor Adil Qeybulla bildirdi ki, süni tənəffüs aparatının qoşulma funksiyalarını bütün həkimlər bilə bilməz. Onun sözlərinə görə, süni tənəffüs aparatı ilə işləməklə yalnız anestezioloqlar, pulmonoloqlar və  reanimotoloqlar məşğuldurlar: “Başqa sahənin həkimləri bu sahə ilə məşğul olmurlar. Fikrimcə, TƏBİB yəqin ki, anestezioloqların və reanimatoloqların sayının hazırkı şəraitdə yetərli olmadığını nəzərdə tutur. Hər həkimin öz sahəsi var. Tutaq ki, cərrah, nevropatoloq, kardioloq və başqa sahənin həkimləri inkubasiya ilə məşğul deyil, onlar süni tənəffüs aparatı qoşmurlar.  Xəstələrə süni tənəffüs aparatını yalnız anestezioloqlar, pulmonoloqlar və  reanimatoloqlar qoşa bilirlər, bu onların sahəsidir. Anestezioloqların, pulmanoloqların və reanimatoloqların da sayı yetərincə deyil. Burada söhbət ondan gedir ki, pandemiya dövründə təkcə bizdə deyil, dünyanın müxtəlif ölkələrində, İtaliyada, İspaniyada və sairdə anestezioloqlar, reanimatoloqlar çatışmadı. Bu mütəxəssislərin sayı konkret standartla hesablanıb, ancaq bu cür pandemiya şəraitinə hesablanmayıb. Pandemiya dövründə tələb olunan əsas ixtisas sahibləri anestezioloqlar, pulmanoloqlar və  reanimatoloqlardır. Bunlar da başqa sahənin həkimlərinin sayına nisbətən müəyyən standart üzrə mövcuddur”.

A.Qeybulla hesab edir ki, postpandemiya dövründə bu sahə üzrə ixtisaslı mütəxəssislərin sayını artırmaq lazımdır ki, gələcəkdə bu kimi hallarla qarşılaşmayaq. “Gələcəkdə digər sahənin həkimlərinin də süni tənəffüs aparatı ilə işləməsi, inkubasiya etməyi bacarması üçün gərək bir qərar verilsin ki, bunlar da bu sahədə ixtisaslaşsın və pandemiya baş verdikdə bu istiqamətdə məşğul olsunlar” - deyə A.Qeybulla vurğuladı.

İradə SARIYEVA

Son xəbərlər