Şagird dərsliklərimizdə son şəhid və qazilərimizin həyat hekayələri - vətənpərvərlik tərbiyəsinin yeni mənbəyi…

Son hadisələr Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 30 il işğal altında olan müqəddəs torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad edildi. 10 noyabr tarixində düşmən ağ bayraq qaldırdı, Azərbaycan tərəfinin şərtləri ilə razılaşmalı oldu. Bütün bunlar Azərbaycan tarixinə yazılan ən möhtəşəm faktlardır.
Ekspertlər qeyd edirlər ki, artıq dərsliklərin, xüsusən də tarix dərsliklərinin yenidən yazılmasına ehtiyac var. Çünki, məlum olduğu kimi, dərsliklərdə daha çox pessimist ifadələr, məğlubiyyət faktları qeyd olunub. Artıq dərsliklər qələbə, zəfər ruhunda yazılmalı, Azərbaycan Ordusunun, əsgərinin göstərdiyi rəşadətlər qeyd edilməlidir.
Bununla yanaşı, şagirdlərin milli vətənpərvərlik hissinin yüksək tutulması üçün şəhid və qazilərin hekayələrinin dərsliklərə salınması təklif olunur.
Qeyd edək ki, Təhsil naziri bununla bağlı əmr imzalayıb. Bu əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq. Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək.
- “…şəhid və qazilərin hekayələrinin dərsliklərə salınması önəmlidir”
Təhsil eksperti Elçin Əfəndi bildirdi ki şagirdlərin milli vətənpərvərlik hissinin yüksək tutulması üçün şəhid və qazilərin hekayələrinin dərsliklərə salınması önəmlidir: “Bu, gələcək nəsillərin yetişməsi üçün mütərrəqi addımdır. Şəhid olan müəllimlər haqqında Təhsil Nazirliyinin informasiya resurslarında və sosial şəbəkələrdə məlumatlar verilir. Eləcə də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməmişdən öncə Qarabağda işləmiş müəllimlər haqqında da məlumatlar verilir. İkinci Qarabağ müharibəsində iştirak etmiş qazilər və şəhidlər haqqında məlumatlar araşdırılır. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək”.
Günel CƏLİLOVA