Daşdəmir Əliyev: “Narışkinin Bakıya etdiyi səfərdən də hiss olunur ki, bizi irəlidə maraqlı proseslər gözləyir”
Ermənistanda vəziyyət gərgin olaraq qalır. Serj Sarkisyanın istefasından sonra hakimiyyətlə müxalifət yenə ortaq məxrəcə gələ bilmirlər. Bu səbəbdən də mitinqlərə başçılıq edən Paşinyan xalqı yenidən meydana səsləyib. Ehtimal olunur ki, yaxın günlərdə onun baş nazirliyə namizədliyi irəli sürüləcək.
Bu istəyi reallaşdırmaq üçün Paşinyanın təmsil olunduğu fraksiyaya bir neçə səs çatmır, onun da hakim koalisiyadan edilən transferlər hesabına reallaşacağı ehtimal edilir. İstənilən halda, son iki həftədir ki, Ermənistanda qeyri-sabitlik hökm sürür. Bu müddət ərzində Ermənistanda belə proqnozlar verilirdi ki, rəsmi Bakı vəziyyətdən istifadə edib Dağlıq Qarabağda hərbi əməliyyatlara başlaya bilər. Ancaq proseslərin gedişi bu versiyaların özünü doğrultmadığını sübut etdi. Azərbaycan məhz bu məqamda müharibəyə başlamamaqla nə dərəcədə doğru mövqe tutdu?
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bununla Azərbaycan rəhbərliyi bütün dünyaya öz sülhpərvərliyini nümayiş etdirmiş oldu: “Bilirsiniz ki, ermənilər bunun əksini edirlər. Onlar Azərbaycanda olan mühüm tədbirlər zamanı daim atəşkəs rejimini pozublar. Ancaq bu addımlarını bizim üstümüzə atmağa çalışıblar. Bu hadisələr bir daha sübut etdi ki, Azərbaycan dövlət olaraq fürsətcil siyasət yürütmür. Bizim Dağlıq Qarabağla bağlı siyasətimiz ardıcıl və konkretdir. Bu hadisələr zamanı da ona uyğun davranışlar nümayiş etdirdik. Çünki dəfələrlə bəyan etmişik ki, biz münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıyıq. Ancaq bu heç də o anlama gəlmir ki, Azərbaycan sülhə sadiq qalmaqla torpaqlarının işğalda olması ilə barışacaq. Bizim siyasətimiz buna əsaslanır ki, sülh yolu ilə mümkün olmadığı halda, biz silah gücü ilə torpaqlarımızı azad etməyə qadirik. Bunun üçün bizim güclü ordumuz da formalaşıb. Konfliktin bu həddə uzanmasına ən gözəl reaksiyanı Ermənistan xalqı verdi. Onlar müharibə kartı ilə hakimiyyətə gələn S.Sarkisyana yox dedilər. Səslənən şüarlardan da göründü ki, onlar işğalçı siyasətdən özləri narazıdırlar. Yeni hakimiyyətə gəlmək istəyənlər Qərbyönümlüdürlər. Təbii ki, onların ilk tələblərindən biri də rus bazalarının ölkədən çıxarılması olacaq. Bax, həmin zaman Rusiya bu konfliktin həllinə obyektiv yanaşmasını ortaya qoymuş olacaq. Bu baxımdan da Azərbaycan cəbhədə fürsətcil davranmamaqla doğru yol tutub. Bizim ordumuz ayıq və sayıqdır. İstənilən vaxt ona verilən tapşırığı yüksək səviyyədə həll etməyə hazırdır. Narışkinin Bakıya etdiyi səfərdən də hiss olunur ki, bizi irəlidə maraqlı proseslər gözləyir. Düşünürəm ki, yaxın zamanlarda Dağlıq Qarabağ düyününün açılması mümkün olacaq”.
Məhəmmədəli QƏRİBLİ