Əli Əliyev: “Paşinyanın bu səyi səmərə verməyəcək, amma bununla o, niyyətini tam ortaya qoymuş oldu”
Ermənistanda baş qaldıran aksiyalara rəhbərlik edən və faktiki olaraq müxalifətin aparıcı simasına çevrilən Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Rusiya ilə bağlı maraqlı fikirlər səsləndirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ilə münasibətləri Rusiyanın ziyanına olduğu hədə kimi dərinləşdirməyəcəklər: “Ermənistan bütün ölkələrlə münasibətlərini normal etməlidir. Bura İran, ABŞ, Rusiya, hətta İordaniya da daxildir”. Paşinyan Rusiya ilə Ermənistan arasında olan münasibətləri qardaşlıq kimi dəyərləndirib: “Biz Rusiya-Ermənistan münasibətlərini müzakirə edəcəyik. Təbii ki, öz xalqımızın mənafeyi aspektindən. Ancaq Rusiya ilə aramızda bir sıra həlli vacib olan problemlər durur. Bura soydaşlarımızın Ermənistanda alınan sürücülük vəsiqələrilə Rusiyada işlə təminat sahəsində yaşadıqları problemləri və Rusiyanın Azərbaycana silah satışını qeyd edə bilərəm”. Paşinyan, həmçinin, bildirib ki, onlar Rusiya hərbi bazalarının ölkə ərazisindən çıxarılmasının tərəfdarı deyillər: “Bizim Türkiyə ilə münasibətlərimiz məlumdur. Rusiya bazaları bizi həmin istiqamətdəki təhlükədən qoruyur”.
Göründüyü kimi, Paşinyan onu narahat edən başlıca problemlər sırasında Rusiyanın Azərbaycana silah satışını xüsusi olaraq vurğulayır və bunun qarşısının alınacağına səy göstərəcəyini deyir. Bu istiqamətdə o, hansısa nəticəyə nail ola biləcəkmi?
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Rusiyanın silah satışı ilə məşğul olması hazırkı situasiyada onun özünün maraqlarını şərtləndirən başlıca amildir: “Çünki indiki embarqo şəraitində Rusiya bu yolla valyuta əldə etməyi düşünür. Azərbaycan isə onun üçün gözəl müştəridir. Çünki biz müharibə şəraitində yaşadığımız üçün, silah tədarükünə böyük ehtiyacımız var. Bilirsiniz ki, dünyada silah bazarı genişdir. Azərbaycanın məhz Rusiyadan silah almağa üstünlük verməsini şərtləndirən amilərdən biri də Moskvanın bəzi maraqlarını neytrallaşdırmağa hesablanıb. Onsuz da Rusiya ən müasir silahları Ermənistana hədiyyə edir. Bizə isə çox da keyfiyyətli olmayan silahlarını satır. Bu baxımdan da Paşinyanın təhdidlərindən qorxmamalıyıq. Lap Rusiya bizə silah satmasa belə, bu faciə deyil. Əlimizdə pulumuz varsa, silah bazarı genişdir. Əslində, biz çoxdan NATO arsenalına daxil olan silahlara keçməliyik. Paşinyan Dağlıq Qarabağ məsələsində olduqca sərt mövqe nümayiş etdirib. Bəlkə də Sarkisyandan geri qalmayan mövqeyi olacaq. İlkin şərt kimi onun bu fikri səsləndirməsi Rusiyaya qarşı bir təzyiq formasıdır ki, Paşinyan indidən Moskvanı təhdid edir. Azərbaycanın silahlandırılması məsələsində Rusiyanın rolunu önə çəkir. Bu həm də Paşinyanın Dağlıq Qarabağ məsələsinə dair mövqeyi kimi başa düşülməlidir. Zaman göstərəcək ki, o, Sarkisyandan da sərt mövqe tutacaq. Yeri gəlmişkən qeyd edim ki, 2016-cı ilin aprel döyüşləri ilə bağlı ən sərt münasibəti də məhz Paşinyan bildirib. Onun hərb müstəvisində Azərbaycanın güclənməsinə etirazı öz prioriteti sırasına salması da bundan xəbər verir. Ancaq düşünmürəm ki, Rusiya Paşinyanın sözü ilə öz daimi müştərisi olan Azərbaycanı dövriyyədən çıxarmaqda maraqlı olsun. Paşinyanın bu səyi səmərə verməyəcək, amma bununla o, niyyətini tam ortaya qoymuş oldu”.
Məhəmmədəli QƏRİBLİ